Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçirilən iclasında parlament seçkisi ilə əlaqədar anons verilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkisi olmalıdır. Qurum sədri bildirib ki, seçkinin müddəti önə də çəkilə bilər.
Qeyd edək ki, Azərbaycanda VI çağırış Milli Məclis 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar seçkinin nəticələrinə əsasən formalaşıb.
Konstitusiya ilə parlamentin səlahiyyət müddəti 5 ildir.
Ancaq növbədənkənar seçkidə seçilən parlamentin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda Milli Məclisə növbəti seçki növbədənkənar seçkidə seçilən parlamentin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Ancaq Azərbaycanda noyabrda COP29 beynəlxalq mötəbər tədbir keçiriləcək. Buna görə də, seçkinin önə çəkilməsi ehtimalı var.
Hər bir halda, görünür ki, bu il parlament seçkisi keçiriləcək. Belə oldu təqdirdə, deputatlıq iddiasında olanlar da fəaliyyət planı cızırlar.
Bəs kimlər deputat ola bilər?
Konstitusiyanın 85-ci maddəsi deputatlığa namizədlərə aid tələbləri göstərir.
Ana Qanuna əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Azərbaycanda isə səsvermə hüququ 18 yaşdan yaranır. Göründüyü kimi, 18 yaşdan yuxarı şəxslər deputatlığa namizəd ola bilərlər. Namizəd üçün son yaş həddi isə nəzərdə tutulmur.
Bununla belə, səsvermə hüququna malik bütün şəxslər də deputat ola bilməzlər.
Konstitusiyaya əsasən:
- ikili vətəndaşlığı olan,
- başqa dövlətlər qarşısında öhdəliyi olan,
- icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən,
- elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər,
- din xadimləri,
- fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən,
- ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər bir halda namizəd ola bilərlər ki, onlar vəzifələrindən istefa versinlər.
Aqşin Kərimov
Hiç yorum yok:
Yorum Gönder