Müdafiə Nazirliyi məlumat yaydı: 30 yaşadək şəxslər mayın 1-dən...



Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda “Psixoloq” vəzifələri üçün “Ehtiyat zabit hazırlığı kursu”na namizəd qəbulu elan edir.

Bakmiltv.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ali təhsil müəssisəsini “Psixologiya”, “Sosiologiya”, “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarından biri üzrə ən azı bakalavr səviyyəsində bitirmiş, Azərbaycan Ordusunda ən azı 9 (doqquz) ay müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşınadək ali təhsilli əsgərlər, matroslar və çavuşlar, həmçinin müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək ali təhsilli ehtiyatda olan kişi cinsli hərbi vəzifəlilər, habelə qadınlar mayın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Ehtiyat zabit hazırlığı kursu”nda təhsil almaq arzusunda olan hərbi qulluqçuların sənədləri, onların xidmət etdikləri hərbi hissələrdə Azərbaycan Respublikasının müdafiə nazirinin 19 may 2021-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul Qaydaları”na uyğun hazırlanır.

Ehtiyatda olan hərbi vəzifəlilər “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün aşağıdakı sənədləri təqdim edirlər:

- kursa qəbul olunmaq barədə ərizə;

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya üzrlü səbəblərə görə bakalavr diplomu ala bilməyən namizədlər üçün ali təhsil müəssisəsini müvəffəqiyyətlə bitirməsi və ona bakalavr dərəcəsinin verilməsini təsdiq edən ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş müvafiq arayış (arayışda namizədin ali təhsil müəssisəsinə qəbul və məzun olduğu illər, təhsil aldığı fakültə və ixtisasın adı, ona müvafiq ixtisas dərəcəsinin verilməsi haqqında Dövlət Attestasiya Komissiyası protokolunun nömrəsi göstərilməlidir. Arayış üzərində dövlət gerbinin təsviri, təhsil müəssisəsinin bağlı olduğu nazirliyin və öz adı həkk olunmuş möhürlə təsdiq olunmalı, künc ştampı ilə qeydiyyat nömrəsi göstərilməlidir);

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti;

- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);

- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);

- ailə tərkibi və yaşayış yeri haqqında arayış;

- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

- tibbi müayinə kartı (tibb kitabçası).

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet və ali təhsil haqqında sənədin əsli namizəd tərəfindən təhsil müəssisəsinə şəxsən təqdim edilir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla).

“Sənəd Qəbulu Komissiyası tərəfindən sənədləri məqbul hesab edilmiş namizədlər qəbul öncəsi tibbi şəhadətləndirməyə, psixoloji-peşə seçiminə və imtahana cəlb olunurlar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Avtobuslar: ”Elmlər Akademiyası” stansiyasından 6, 17 və 96 nömrəli marşrut avtobusları.

Müraciət etmə vaxtı: 2024-cü il may ayının 1-dən 20-dək, bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-dək, şənbə günləri saat 09:00-dan 12:00-dək.


Hiç yorum yok:

Yorum Gönder

Pages