İran prezidenti və həlak olan digər rəsmi şəxslərin cənazəsi Təbrizdən Tehrana gətirildi



Mayın 19-da helikopter qəzasında həlak olan İran prezidenti və digər həlak olan hökumət rəsmilərinin cənazələri Təbrizdən İranın paytaxtı Tehran şəhərinə göndərilib.

Cənazələr Mehrabad hava limanında rəsmi şəxslərin və hərbçilərin müşayiəti ilə Tehranın İmam Xomeyni ibadət məkanına aparılıb.

10:30

İranın müxtəlif şəhərlərində ölkə Prezidenti İbrahim Rəisi və onunla birlikdə helikopter qəzasında həlak olan hökumət nümayəndələri ilə vida mərasimləri keçiriləcək.

Bu barədə İranda dövlət nümayəndələrinin ölümü ilə əlaqədar qurulan mərasimin təşkil olunması komitəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, bu gün mərasimlər Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində, Qum vilayətində yerləşən ziyarətgahda, Tehranın İmam Xomeyni ibadət məkanında təşkil ediləcək.

Sabah isə Tehran Universitetində yerli vaxtla 7:30-da namaz qılınacaq və vida mərasimi keçiriləcək.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında İran prezidentinin vida və dəfn mərasimi təşkil olunacaq.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə doqquz nəfər həlak olub.

Mənbə: Tasnim

Hiç yorum yok:

Yorum Gönder

Pages