Tiflisdə parlament binasının qarşısı həftələrdir qaynayır. Gürcüstan “QHT-lərin inqilabı” böhranı ilə üzləşib. Hazırda vətəndaş cəmiyyəti ayaq üstədir və onlara həm keçmiş prezident Saakaşvili həbsdən, həm indiki prezident Zurabişvili kreslosundan dəstək verməkdədir. “Yeni Müsavat” bildirir ki, Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanunun qəbuluna cəhdlə bağlı yaranmış vəziyyət fonunda Avropa Birliyi ölkələrinin liderlərindən Tiflisə səfər etməyi xahiş edib. Bu barədə “Nyus Georgia” məlumat yayıb.
Gürcüstan QHT-ləri qanun qəbul olunacağı halda, Qərbdəki donor təşkilatlarla təmasların məhdudlaşacağını anlayırlar. Müxalifət isə qanun layihəsi “rus projesi” adlandırır. Lakin rəsmi Moskva Zaxarovanın timsalında açıqladı ki, Tiflisdə baş verənlərin Rusiyaya aidiyyəti yoxdur. Əslində bu qanun Rusiya, ABŞ, Ukraynada qəbul olunub. Amma Gürcüstanda müqavimət göstərilir. Qərb də etirazları dəstəkləyir və hiss olunur ki, vətəndaş cəmiyyətinə ciddi surətdə təsir mexanizmləri var. Bundan əlavə, AB Gürcüstanda təsirlərinin azalmasını istəmir.
Siyasi şərhçi Fuad Əliyev hesab edir ki, Gürcüstan inqilaba hamilə deyil. QHT rəhbərinin fikrincə, baş verənlər qanun layihəsinə etirazdır və hadisələr hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Bununla belə, Fuad Əliyev istisna etmir ki, payızda keçiriləcək seçkilərdə hakim “Gürcü arzusu” Partiyası ciddi səs itirə bilər:
"Gürcüstanda müxalifətin xarizmatik və qətiyyətli siyasi lideri yoxdur. Ona görə etirazlar baş tutsa da, ortaya prosesi irəli aparan lider çıxmır. Hazırda oradakı qüvvələrə Saakaşvili kimi bir populyar rəhbər lazımdır. Amma "Mişa" özü də əvvəlki nüfuzunu saxlaya bilməyib. Düzdür, azadlığa buraxılsa, narazı elektoratı ətrafına toplaya bilər, lakin indiki şəraitdə yeni lider yetişməlidir. O baxımdan hakimiyyətin reytinqi aşağı düşsə də, müxalifətin də lider problemi qalır. Bu vəziyyətdə yalnız hazırkı prezident Salome Zurabişvili dövlət başçısı postundan istefa verib müxalifətə qoşulmaqla etirazçıların liderinə çevrilə bilər".
Fuad Əliyev Azərbaycanda belə bir qanun layihəsinə lüzum görmür, bununla belə, istisna etmir ki, müzakirələr başlana bilər. Onun sözlərinə görə, hazırda xarici agentlərlə bağlı Azərbaycan xüsusi xidmət orqanları ən yüksək səviyyədə iş apara bilir.
Hiç yorum yok:
Yorum Gönder