“Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif qəribə adda araq növləri satılır”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu araqların hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəbəli adlar yazılır:
“Qiyməti də təxminən 3-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir”.
Deputat əlavə edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:
“Ümumiyyətlə, saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycanda istehsal olunan içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanatoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli, ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”.
Hiç yorum yok:
Yorum Gönder