Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olub. O, hərbi tibb qulluqçusu və Vətən müharibəsinin yeganə qadın şəhididir.
Arəstənin atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi idi. O, Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatlarında əlil olub və Arəstənin 4 yaşı olanda şüa xəstəliyindən vəfat edib. Arəstə atasının hərbi paltarını geyinib, “mən də hərbçi olacağam” – arzusu ilə böyümüşdü.
Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbində oxuyub. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. Lakin Arəstə daha sonra tibbi kurs keçib, Beyləqandakı Hərbi hissədə işə başlayıb.
27 sentyabr, Vətən müharibəsinin başladığı gün o, hərbi formada evə gəlib, anasına belə deyib: “Mən könüllü cəbhəyə yazılmışam və ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm. Vətən uğrunda şəhid olacağamsa, bu, mənim alın yazım, mənim qürurumdur, mənim başımın ucalığıdır. Ana, əgər mənə bir şey olsa, uşaqlarım sənə əmanətdir”.
Anası ilə telefon danışıqları zamanı ən çox dediyi sözlər isə bunlar idi: “Narahat olmayın, hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq. Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü gənclərimiz, canla-başla döyüşən əsgərlərimiz var ki…” Arəstənin bir oğlu və bir qızı Vətənə əmanət qalıb.
Arəstə oktyabrın 23-də növbəti dəfə yaralı əsgərimizi atışma bölgəsindən çıxaran zaman aldığı güllə yarasından qəhrəmancasına şəhid olur. O, Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.
Arəstə ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Hiç yorum yok:
Yorum Gönder