Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür



Nailə Mirməmmədli 23 may 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. Nailə Mirməmmədli 1981-1985-ci illərdə N.Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsilini davam etdirib, buranı da fərqlənmə diplomu ilə bitirib.

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində, 2003-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb.

Onun yaradıcılığında "Bir əli torpaqda, bir əli Haqda" - Yunis İmrə dastanına simfonik poema, "Azərbaycan", "İstiqlal günü", "Azərbaycan səs salacaq"  - xor üçün əsərlər, "Sülh","Laçın intizarda, Şuşam dardadır", "Xocalı" - Simfonik orkestr, xor, solist üçün odalar, "Ulu Öndər" - Simfonik orkestr və xor üçün oratoriya, “Əlvida", "Ana" – Romansları, "Mən sənətkaram", "Ayrılma məndən", “Söylə", "Qovuşmaz", "Vətən", "Azərbaycan", “İstəmirəm" kimi 500-dən artıq mahnı yer alıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-Yaradıcılıq Mərkəzinin ilk direktoru olub.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Nailə Mirməmmədli mahnı yaradıcılığı ilə yanaşı xor aranjimanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və fənn proqramlarının, 30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsinin müəllifidir. Həmçinin hərbi-vətənpərvərlik mövzusunda, əsgərlərimiz, döyüşçülərimiz haqqında, Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş bir çox yaddaqalan gözəl əsərlər yaradıb. 

Sevimli bəstəkarımız, Əməkdar incəsənət xadimi, pedaqoq, qəlbi Vətən eşqi ilə döyünən Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə 59 yaşında qəflətən ürək tutmasından vəfat edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages