BAKI, 10 noyabr — Sputnik. Xalq artistləri Alim Qasımov, Flora Kərimova, Faiq Ağayev, Əməkdar artist Elza Seyidcahan, Ramil Nabran və Qara Dərviş yəhudi əsilli Milli qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş "Mən - Albert" mahnısı üçün bir araya gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən mahnının sözləri və musiqisi Çinar Şənaya aiddir. "Mən - Albert" layihəsinin rəhbəri Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadədir.
Zərb alətində Ramin Sadiqov, bas gitarada İsrafil Zali, elektron gitarada İsmayıl Həsənov, kamançada Elvin Novruzov, truba alətində isə Firuddin Həmidov ifa ediblər. Klipdə Milli qəhrəmanın arxiv görüntüləri yer alıb.
Məlumat üçün bildirək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada "Səbail tank taboru"nun xüsusi təyinatlı batalyonunda döyüşüb.
1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artillerist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilirlər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd-yaşıl rəngə boyayıb, 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar. A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Hiç yorum yok:
Yorum Gönder