Borc verən şəxs nə etməlidir?



Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələr və Müharibə  Veteranı -Peşəkar hərbiçi və hüquqşünas polkovnik Salman Musayev


Borc verərkən nələrə diqqət etməliyik?
Məhkəmə təcrübəsində çox rast gəldiyimiz hallardan biri də borcun qaytarılmaması və yazılı şəkildə heç bir sənədin olmamasıdır. Bu halda borc verən və ya alan şəxs hansı tələblərə diqqət etməlidir? 
Ümumiyyətlə, borc müqaviləsi həm yazılı, həm də şifahi bağlana bilər. Hər bir halda borc verərkən yazılı sənədin, müqavilənin olması məqsədəuyğundur, çünki borc qaytarılmadığı halda yazılı sənədlər sübut kimi çıxış edir. Lakin yazılı sənəd olmadıqda isə borcun məbləği, borc verdiyiniz şəxsin kimliyi və s. məlumatları sübut etmək çətindir. 
Borcun məbləği 3000 manat və daha çox olduqda, yaxud da tərəflərdən biri hüquqi şəxs olduqda isə borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.
Borc müqaviləsində nələr qeyd olunmalıdır?
Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda aşağıdakılar mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun:
- müqavilənin tarixi;
- müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı soyadı atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);
- borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);
- pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi mütləq şəkildə qeyd edilməklə hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi).
Pul gecikdirildikdə cərimə ödənilməlidirmi?
Bağlanılan borc müqaviləsində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi halında dəymiş zərərin qarşılanması üçün cərimə məbləğinin qeyd edilməsi, gələcəkdə borc alanda ödəniş müddətinin gecikdirilməməsilə bağlı məsuliyyət yaradacaqdır. Bu səbəbdən, mülki qanunvericilikdə pulun vaxtında ödənilmədiyi halda cərimənin (dəbbə pulu) müəyyən edilməsi öhdəliyin icrasının təmin edilmə üsullarından biri kimi müəyyən edilmişdir. Borc alan dərk edir ki, əgər borc vaxtında ödənilməzsə, götürülən borc məbləğinin üzərinə cərimə faizləri gələcək və borc məbləği artırılacaqdır.
Elə bu səbəbdəndir ki, fiziki şəxslərin bir-birinə verdiyi borc vəsaitlərinin geri qaytarılması prosesilə müqayisədə kredit təşkilatlarında bu tipli problemlər daha az yaşanır.
Buna baxmayaraq, müqavilədə dəbbə pulu nəzərdə tutulmamışdırsa, bu hələ o demək deyil ki, vəsaitinin vaxtında ödənilməməsinə, gecikdirilməsinə görə cərimə tələb edilməməlidir.
Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.
Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Borc müqavilələrinin bağlanılması zamanı öhdəliyin icra edilməsini əvvəlcədən təmin etmək üçün qanunverilicikdə başqa bir sıra tədbirlər də nəzərdə tutulmuşdur: qarantiya, zaminlik, girov, ipoteka və s.

Hiç yorum yok:

Yorum Gönder

Pages