Azərbaycan futbolunun tanınmış qolkiperi Sergey Kramarenkonun doğum günüdür



Bu gün Azərbaycan futbolunun tanınmış qolkiperi Sergey Sergeyeviç Kramarenkonun doğum günüdür.

Gəncə şəhərində 1946-cı il mayın 27-də anadan olan Sergey Kramarenko futbola məhz elə burada başlayıb. Karyerasının çox hissəsini Bakının "Neftçi" klubunda keçirən Sergey 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatının sahibi olub.

1971-də hakimi vurduğu üçün üç il müddətinə futboldan kənarlaşdırılıb. Amma 1973-cü ildə yenidən birinci liqada "Neftçi"də çıxış etməyə başlayıb. Keçmiş futbolçu SSRİ çempionatının yüksək liqasında oyun sayı baxımından Azərbaycan futbolunda rekordu əlində saxlayır (313 oyun). Daha sonra futbolçu karyerasını başa vuran Kramarenko "Göyəzən", "Xəzər Lənkəran" və "Neftçi" klublarında baş məşqçi vəzifəsində çalışıb.

Sergey Sergeyeviç Kramarenko 2008-ci il martın 25-də Moskvada vəfat edib. Həmin ilin iyun ayında "Neftçi" klubu Sergey Kramarenko adına mükafat təsis edib. Mükafat Azərbaycan çempionatının ən yaxşı qapıçısına verilir (qapıçı mütəxəssislər və jurnalistlər arasında keçirilmiş sorğu əsasında müəyyənləşir).

Sergey Kramarenkonun oğlu Dmitri Kramarenko da qapıçıdır. Uzun müddət Azərbaycan yığmasının şərəfini qorumuş Dmitri hazırda "MOİK Moskva" klubunda qapıçılar üzrə məşqçidir.

Hiç yorum yok:

Yorum Gönder

Pages