ADA Universitetində VI İngilis Dili Olimpiadasının qalibləri müəyyənləşib



ADA Universitetində Akademik Məqsədlər üçün VI İngilis Dili Olimpiadasının mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə “Respublika”ya universitetdən məlumat verilib.

ADA Universitetində 2015-ci ildən etibarən keçirilməsi ənənəvi hal almış İngilis Dili Olimpiadası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “Baku Education Information Center”, “BEST COMP group”, “British Summer School”un tərəfdaşlığı ilə təşkil edilib. 8-9-cu sinif şagirdləri arasında keçirilən Olimpiadada Bakı şəhəri üzrə 189, Naxçıvan Muxtar Respublikası üzrə 65 və digər regionlar üzrə 174 məktəbdən ümumilikdə 1638 şagird iştirak edib. Olimpiadanın birinci mərhələsi üç məkanda - Bakıda ADA Universitetində, Qazaxda ADA Universitetinin Qazax Mərkəzində və Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına tam orta məktəbdə keçirilib. Birinci mərhələni uğurla başa vuran 114 şagird ikinci mərhələdə iştirak etməyə vəsiqə qazanıb və ADA Universitetinə qaliblərin mükafatlandırılma mərasimində iştirak üçün dəvət edilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal keçirilən bu olimpiadaların nəinki gənc nəslin dil bacarıqlarını, eyni zamanda onların akademik qabiliyyətlərini, analiz, sintez və tənqidi düşüncə tərzini inkişaf etdirdiyini bildirib, onların bu dəyərləri qazanmasında öz dəstəyini əsirgəməyən tərəfdaşların rolunu xüsusilə qiymətləndirib.

ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə beynəlxalq standartlara uyğun təhsil almaq və uğurlu peşəkar fəaliyyətlə məşğul olmaqda akademik ingilis dilinə yiyələnmənin vacibliyini qeyd edib və bu Olimpiadanın şagirdləri dil biliklərini inkişaf etdirməyə təşviq etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini Hüseyn Əsgərov, “Baku Education Information Center”in direktoru Günay Massimova və “BEST COMP group”un nümayəndəsi Cəmilə Əmiraslanova yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik ediblər.

Nəticələrə görə, 3-cü yerə “İdrak” liseyinin şagirdi Aişə Tapdıqzadə, ikinci yerə isə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Əyyublu layiq görülüb. Onlar “Lenovo” markalı notbuk ilə mükafatlandırılıblar. Birinci yerə isə İlyas Əfəndiyev adına Elitar gimnaziyanın şagirdi Məhəbbət Nəsibova layiq görülüb və Böyük Britaniyada iki həftəlik “Qlobal Gənc Liderlər” kursunda ödənişsiz iştirak etmək imkanı əldə edib.

Qeyd edək ki, üç mərhələdən ibarət Olimpiadanın ilk mərhələsində şagirdlərin ingilis dilinin qrammatikası ilə bağlı bilikləri və oxu qabiliyyətləri yoxlanılıb. İkinci mərhələdə yazı və dinləmə qabiliyyəti üzrə bacarıqlarını sınayan şagirdlər sonda danışıq qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən imtahanda iştirak ediblər.

 

Hiç yorum yok:

Yorum Gönder

Pages