3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür

 
 Mətbuat demokratik həyatımızın əvəzsiz elementi, informasiya almaq və yaymaq azadlığının ən təsirli vasitəsi kimi cəmiyyəti maarifləndirmək, düzgün məlumat vermək vəzifəsini yerinə yetirir. Bu vəzifəni azad şəkildə yerinə yetirmək üçün mətbuat azadlığının böyük əhəmiyyəti vardır. Ölkəmizdə bu hüquq bütün media nümayəndələrinə təklif olunur. İctimaiyyətin və cəmiyyətin sürətli, qərəzsiz və dəqiq məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayan belə media mənsublarına hər zaman ehtiyacı vardır.
    Qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı mövqeyi daha da artmaqdadır. Demokratiyanın meyarı hesab edilən söz və mətbuat azadlığı senzuraya məruz qalan cəmiyyətlərdə insan hüquqlarının tez-tez pozulması ilə nəticələnə bilir. Bu səbəbdən beynəlxalq qurumlar və bir sıra demokratik təsisatlar bu vəziyyəti xüsusi diqqətdə saxlamaqla bir sıra qərarlar qəbul ediblər. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirib, 1991-ci il mayın 3-də Namibiyanın Vindhuk şəhərində Bəyannamə qəbul olunub, YUNESKO-nun tövsiyəsi əsasında isə 1993-cü ilin mayın 3-ü BMT Baş Assambleyası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Günü elan edilib. Bu Bəyannamənin qəbulundan 30 il keçsə də, bütün digər insan hüquqlarının hərəkətverici qüvvəsi kimi informasiya axtarmaq, ötürmək və almaq azadlığı aktual olaraq qalır. Bir çox ölkələrdə müstəqil medianın yayılması və rəqəmsal texnologiyaların yüksəlişi informasiyanın sərbəst axınına şərait yaradıb. Bununla belə beynəlxalq ictimaiyyətin üzləşdiyi çoxsaylı böhranlar – münaqişələr və zorakılıq, miqrasiyaya səbəb olan davamlı sosial-iqtisadi bərabərsizliklər, ekoloji böhranlar və bütün dünyada insanların sağlamlığı və rifahı üçün problemlər çox vaxt dezinformasiyanın çoxalması ilə nəticələnir ki, bu kritik vəziyyətlərə və təhdidlərə qarşı durmaq üçün mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi və informasiyaya çıxış əsas yer tutur. 
    Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində təsbit olunmuş ifadə azadlığı hüququ bütün digər insan hüquqlarından istifadənin ilkin şərti və hərəkətverici qüvvəsidir. Ümumdünya Mətbuat Azadlığı Günü bütün digər insan hüquqlarından istifadənin açarı kimi müstəqil, plüralist media kimi yeni mətbuat azadlığına çağırışdır. 1997-ci ildən etibarən təsis edilmiş Ümumdünya Mətbuat Azadlığı Mükafatı dünyanın istənilən yerində mətbuat azadlığının müdafiəsində və ya təşviqində böyük töhfələri olan, xüsusən də mətbuat azadlığının təmin edilməsində müstəsna xidmətlər göstərən layiqli şəxsə, təşkilata və ya quruma verilir. Ümumdünya Mətbuat Azadlığı Günündə YUNESKO hər il mətbuat azadlığının vəziyyətini qiymətləndirmək və problemlərin həlli yollarını müzakirə etmək üçün media peşəkarlarını, mətbuat azadlığı təşkilatlarını və BMT agentliklərini bir araya gətirərək mətbuat azadlığı, o cümlədən yaxşı idarəetmə, terrorizmin mediada işıqlandırılması, cəzasızlıq və münaqişədən sonrakı ölkələrdə medianın rolu ilə bağlı mövzuları müzakirə edir. Ümumdünya Mətbuat Azadlığı Günü ölkəmizdə də fəal dəstəklənir, insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verilir. Məlumdur ki, Azərbaycanda mətbuatın əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Mətbuat tariximizin doğan günəşi olan bu qəzetin yaradıcısı Həsən bəy Zərdabi onun əsas məqsəd və vəzifələrindən biri kimi insanların məlumat almaq hüquqlarını əsas tutaraq yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. “Əkinçi”dən güc alan Azərbaycan mətbuatı bu gün fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran müstəqil media orqanına çevrilib. 
    Mətbuatın əsas silahı olan söz və azad düşüncənin həqiqi azadlığa qovuşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuş, 1999-cu il dekabrın 7-də qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəddir. Ulu Öndərin müvafiq Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq olunub, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Mətbuat, Teleradio və İnternet Şurası fəaliyyətə başlayıb. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ləğvi onların fəaliyyətinə böyük töhfə vermişdir. Məhz milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülərək dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısı olub. Ulu Öndər öz çıxışlarında mətbuatın rolu, onun əsas vəzifələrindən bəhs edərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçməsi, 2001-ci ildə Avropa Şurasına daxil olmaqla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, insan hüquq və azadlıqlarının təmininə sadiqliyin ifadəsidir.
    Bu gün görkəmli dövlət xadiminin mütərəqqi siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu illər ərzində ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etmiş, beləliklə, medianın müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hərtərəfli şərait yaranmışdır.
    Bu gün ölkəmizin media məkanında mövcud qanunvericilik daha da təkmilləşdirilib. Bu məqsədlə dövlət başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Ölkə başçısının 30 dekabr 2021-ci il tarixində qəbul etdiyi “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun, həmçinin jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. Həmçinin bu il Prezident cənab İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilib. Eyni zamanda media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib. Bu kimi, eləcə də milli mətbuatın ildönümlərinin dövlət səviyyəsində geniş qeyd olunması, mediaya yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi, onlarla mütəmadi görüşlər mətbuata və mətbuat işçilərinə qayğının bariz göstəriciləridir. 
    Ölkə Prezidenti söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayaraq demişdir: “Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”. Azərbaycan mediası söz və informasiya azadlığı hüquqlarından istifadə edərək ölkənin ən çətin anlarında, xüsusilə də İkinci Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. 44 günlük şanlı Vətən müharibəsində, 23 sentyabr  2023-cü ildə Qarabağda Azərbaycanın lokal  xarakterli  antitteror    tədbirlərin kecirilməsində  və sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında jurnalistlərin fəaliyyəti olduqca böyük idi. Bu sahədə ən böyük missiyanı Ali Baş Komandan, Prezident cənab İlham Əliyev reallaşdıraraq Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələr vermişdir.
  Qlobal proseslərin aktiv şəkildə dəyişdiyi bu zamanda insanlar mediada yayımlanan düzgün, dəqiq informasiyaları əldə etməyə böyük ehtiyac duyur. Fəaliyyətində jurnalistikanın etik dəyərlərini gözləyən, Vətəninə, xalqına qərəzsiz, vicdanla xidmət edən jurnalistlərimiz bu vəzifəni layiqincə yerinə yetirirlər. Azərbaycan jurnalisti adını ləyaqətlə daşıyan hər bir jurnalistə ölkə həqiqətlərini dünyaya çatdırmaq, dövlətimizin daha da güclənməsinə dəstək olmaq yolunda uğurlar arzu edirik. 



Azərbaycan  Respubilkasının  Silahlı Qüvvələr və Müharibə  Veteranı polkovnik Salman Musayev
 


Hiç yorum yok:

Yorum Gönder

Pages