19 May - Türkiyədə Atatürkü anma, Gənclik və İdman Günüdür



  Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür. Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.
 
Birinci Dünya müharibəsindən sonra vəziyyəti gərginləşən Türkiyə çıxış yolları axtarmağa başlayır. Bu zaman Atatürkün siyasi arenaya gəlməsi və qurtuluş üçün yol açır. Mayın 16-19-da İstanbul-Samsun səfəri qurtuluş üçün atılan ilk addımın simvolu kimi qəbul olunur. Atatürk İstanbuldan Samsuna etdiyi səfər zamanı əsgər olduğu üçün əsgər paltarında səfər edir. Ancaq Samsuna çatdıqdan bir neçə gün sonra sivil formaya keçir.
 
Atatürk Samsuna çatanda gördüyü mənzərə ürəkaçan olmur. Şəhərdə İngiltərə ordusunun özbaşınalığı hökm sürürdü və xalq özünü müdafiə edə bilməyəcək vəziyyətdə idi. Atatürk bu səfər zamanı dayanmadan çıxış yolları axtarmağa başlayır. Bu səfər milli mübarizənin başlanğıcı olur və Atatürk bu günü gənclərə ithaf edir. Atatürk xalqı irəli aparanların və köhnəlmiş fikirlərə qarşı çıxanların gənc fikirli olduğunu gördüyünü bildirir.
 
“Gənc fikirli olmaq, doğrunu görmək və həqiqətən anlamaq deməkdir”, – deyə Atatürk bildirir. Milli mübarizəni daha sağlam başlamaq və davam etmək üçün gənc fikirlərin önəmli olduğunu əsas tutan lider, elə milli mübarizənin başlanğıcını da “gənc fikirlərə” yəni gənclərə həsr edir.

Qeyd edək ki, bugünə qədər 19 May – Atatürkü anma, Gənclər və İdman Günü Türkiyədə böyük təntənə ilə qeyd edilir. Bu bayramın adı indiyə qədər üç dəfə dəyişilib. 1935-ci ildə bayram Atatürk günü kimi tarixə düşsə də, 1938-ci ildə Atatürkün əmri ilə Gənclik və İdman Bayramı adı verilib. 1981-ci ildən isə bayram Atatürkü Anma, İdman və Gənclik bayramı adlandırılır.

Hiç yorum yok:

Yorum Gönder

Pages