28 aprel 1920-ci il: Qırmızı işğalın qara günü



Birinci Dünya müharibəsinin sonuna yaxın Avropada, həmçinin dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi vəziyyət çox gərginləşmişdi. Belə bir şəraitdə bolşevik Rusiyası imperiyanın caynağından qurtulan dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyini heç cür həzm edə bilmirdi.

Ölkəmizi işğal edib 2 ilə yaxın fəaliyyət göstərən müstəqil dövlətimizin- Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymaq üçün Moskvada yaradılmış Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin bəzi üzvləri Bakıda, bəziləri isə şimal sərhədində - XI ordunun zirehli qatarında oturub ölkəmizə hücum əmrini gözləyirdilər. Digər tərəfdən, ölkə daxilində Rusiyapərəst qüvvələr silahlı çaxnaşmalar yaradır, dinc əhalini qətlə yetirirdilər. 1920-ci ilin aprelində Azərbaycan hökuməti tərəfindən Qarabağda erməni silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlar aparılırdı. Bu əməliyyatlar Azərbaycan ordusunun üstünlüyü şəraitində keçsə də, ölkənin ümumi müdafiə qabiliyyətini zəiflətmişdi. Belə ki, hərbi qüvvələrin yarıdan çox hissəsi Qarabağa göndərilmişdi. Belə bir şəraitdə 72 minlik şəxsi heyətə malik XI ordunun qarşısında isə cəmi 5 minlik qüvvə vardı. 1920-ci il aprelin 27-də Dağıstanda olan Mixail Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi, əvvəlcə Bakı, sonra isə Azərbaycanın bütün bölgələri işğal olundu.

Lenin Bakı neftini ələ keçirmək və işğal rejiminə qanuni don geydirmək, bolşevik işğalını pərdələmək üçün Azərbaycanın guya müstəqil qalacağını vəd etmişdi. Eyni zamanda, bolşeviklər hiylə işlətdilər ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir. Lakin Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra bolşeviklər xalqımıza, onun ziyalılarına, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başladılar. 1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50 min insan qətlə yetirildi. Bunun da mühüm bir hissəsi ziyalılar təbəqəsi və yüksək rütbəli hərbçilər idi. Təkcə 1920-ci il ərzində Azərbaycan ordusunun 12 generalı güllələndi. Qətlə yetirilənlər arasında 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli zabitlər vardı...

Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. Azərbaycan xalqı işğalla barışmırdı, bolşeviklərə qarşı etirazını bildirdi. Aprel işğalından sonra “İstiqlal” qəzetini nəşr edən ictimai xadim Mirzəbala Məmmədzadə yazırdı ki, bolşevik rejiminə qarşı Azərbaycanda 150-yə yaxın üsyan baş verdi. Ən böyük üsyan isə 1920-ci il mayın 26-dan iyunun 4-dək Gəncədə baş qaldırdı. Üsyanda iştirak edən Azərbaycan milli ordusunun döyüşçüləri və Gəncənin qəhrəman sakinləri mərdliklə müqavimət göstərirdilər. İşğalda iştirak edən birləşmiş bolşevik və daşnak qüvvələr on beş min nəfərə yaxın Gəncə sakinini qətlə yetirdilər. Üsyan zamanı alim Firudin bəy Köçərli, nakam şair Məhəmməd Hadi, eləcə də gəncəli maarifçi Mirzə Abbas Abbaszadə öz evinin qarşısında öldürüldü. Həmçinin Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov və başqaları halak oldular. Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər bölgələrdə də üsyanlar baş verdi. Bu bir daha sübut edir ki, qüvvələr qeyri-bərabər olsa da, Azərbaycan xalqı uzun müddət bolşevik Rusiyasının işğalı ilə barışmayıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmasında xüsusi fərqlənən şəxslər - XI ordunun komandanı Mixail Levandovski, yerli bolşeviklər Çingiz İldırım, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və digərləri qurduqları sovet rejimi tərəfindən 30-cu illərdə amansız işgəncələrdən sonra güllələndilər. 1920-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi tərəfindən Azərbaycanda yaradılan və 71 il davam edən Sovet hakimiyyətinin varlığına isə 1991-ci ildə son qoyuldu

Hiç yorum yok:

Yorum Gönder

Pages