Bakı, 15 mart, AZƏRTAC
Hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. Onların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır.
Bu gün ölkəmizdə daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı Dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası diqqət mərkəzində saxlanılır.
Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək, bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib: “İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən iqtisadiyyatda həlledici rol oynayırlar”.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.
AZƏRTAC xəbər verir ki, 1995-ci il sentyabrın 19-da Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.
Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdı. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulmuşdu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır. Dövlət Xidməti Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, habelə digər sahəvi qanunlarına əsasən istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz, təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Bununla əlaqədar, yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxta, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin,xidmətlərin), əmtəə partiyalarının satışının dayandırılması, satışdan (dövriyyədən) çıxarılması ilə bağlı tədbirlər görür.
Respublikamızda istehsal edilən, habelə idxal olunan malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Müştərilər istənilən malı alarkən və ya pullu xidmət növlərindən yararlanarkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da onun keyfiyyət hüququdur. İstehlakçının tələbi ilə satıcı (istehsalçı, icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir. Aldığımız malların üzərində olan standartları, işarələri çoxları bilmir və bununla maraqlanmır. Bu da əksər hallarda istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Hər bir insan istifadə etdiyi dərman preparatı, məişət əşyası, geyim və qida məhsulları barədə, onların üzərindəki marka və nişanları müəyyən səviyyədə bilməlidir.
İnsanlar aldıqları qida məhsullarının ekoloji və gigiyenik cəhətdən sağlamlıqları üçün heç bir təhlükə törətmədiyinə əmin olmalıdırlar. Alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı aldığı yerdə başqa mala dəyişdirmək hüququ var. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Hiç yorum yok:
Yorum Gönder