Biz bu gün 44 günün qəhrəmanlarından danışarkən unutmamalıyıq ki, hələ 90-cı illərdən Qarabağ uğrunda canından keçən igidlərimiz heç də az olmayıb. Onlardan biri də qəhrəman şəhidimiz Rzayev Faiq Hüseynağa oğludur.
Faiq Rzayev 1975-ci il mayın 13-ü Bakı şəhərində anadan olub. Orta təhsili 150 saylı tam orta məktəbdə alıb. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. 1993-cü il mayın 14-də hərbi xidmətə başlayan igidimiz, 1994-cü ildə Qarabağ uğrunda gedən savaşlarda iştirak edib. Horadizin, Qazaxlar, Arayatlı və bəzi digər kəndlərin düşməndən azad olunmasında şücaət göstərib. 1994-cü ilin martın 20-si döyüş bölgəsində yaralanıb. Martın 21-i Bakıya xəstəxanaya gətirilən Faiq gecə 1-ə 5 dəqiqə işləmiş doğulduğu saatda da şəhadətə ucalıb. Məzarı Bakı şəhəri ll Şəhidlər Xiyabanında olan qəhrəmanımız şəhadətindən sonra ölkə başçısı tərəfindən igidliyə görə medalı ilə təltif olunub. Qeyd edirəm ki, şəhidimizin təhsil aldığı 150 saylı tam orta məktəb hal-hazırda qəhrəmanımızın adını daşıyır və məktəbin qarşısında şəhid Faiq Rzayevin büstü ilə yanaşı bulaq abidəsi də var.
Hiç yorum yok:
Yorum Gönder