Neftçala rayonunun Xolqaraqaşlı kəndində dünyaya göz açan yazıçı Eluca Atalı son 17 ildə Stokholmda yaşayıb yaradır. Əlliyə yaxın kitabın müəllifi həyatı və yaradıcılığı ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Müsahibəni təqdim edirik.
-Eluca xanım, necə oldu yazıçı oldunuz?
- On iki yaşımda şeir yazmağa başladım, 22 yaşımda gözlənilmədən nəsrə keçdim. “Ən şirin şey” adlı alleqorik hekayəmlə nəsrə start verdim. Hazırda hekayə janrından əlavə, roman, dram, esse, fəlsəfi-bədii miniatür janrlarında da yazıram. Bu vaxtadək 37 kitabım işıq üzü görüb, hazırda isə 10-dan çox kitabım dünyanın müxtəlif nəşriyyat evlərində çapdadır. Onların bu ilin birinci yarısında çap edilmələri nəzərdə tutulub.
-Bir kitab üzərində nə qədər işləyirsiniz, proses necə keçir?
-Kitab üzərində çalışma müddətim müxtəlif olur, konkret vaxt yoxdur. Məsələn, “Tiqranizm Xocalıda” kitabını iki aya yazmışam. “Ənqa quşu” və “Dəvəquşu fermasında” kitablarını paralel olaraq yazdım və üzərilərində iki ay çalışdım. Dörd kitabdan ibarət “İran Hizbullah zindanında” romanımı isə 12 ilə bitirmişəm. Bir kitab yazmağı düşünmüşdüm, lakin işin içərisinə girdikdən sonra sanki dərin bir quyuya düşdüm. Proses uzun çəkdi, çünki mövzu hərtərəfli araşdırma tələb edirdi.
Materiallar əldə etdikcə əsər genişləndi və dərinləşdi, ona görə də onun başa çatdırılması xeyli vaxt aldı. Mən bu kitabla həm də 50 milyon insanın ağrı-acısını qabartmaq istəyirdim.
Hazırda “Ənqa quşu” kitabının ikinci cildi olan “Əbədiyyət aşiqləri” romanını yazmışam, amma redaktəsi ilə məşğul ola bilmirəm. Çünki iki teatrdan 4 mono tamaşa sifarişi almışam, Bakıya getməmişdən əvvəl onları yazdım. İlk öncə həmin tamaşaların mətnini redaktə edəcəyəm.
“İran Hizbullah zindanında” romanınızın adı oxucunu cəlb etdiyi kimi, həcmi də cəlbedicidir. Dörd kitab üzərində 12 il çalışmaq sizi yormadı?
- Məni yox, amma romanı bütöv oxumaq istəyənləri kitabların gec ərsəyə gəlməsi bir qədər yordu.
2023-cü ilin fevralında kitablar tam hazır olanadək oxucuların çoxsaylı suallarına cavab vermək məcburiyyətində qaldım. “Kitabı haradan əldə etmək olar” kimi suallar məni əsəri tezliklə başa çatdırmağa sövq edirdi. Amma əsər də yazılan zaman canlı bir varlığa çevrilir, odur ki, tam başa çatdırılmamış təqdim etmək mənəvi cinayətdir. İmzasına və oxucusuna hörmət göstərən yazıçı “kal” məhsulu işıq üzünə çıxarmaz.
İlk növbədə, həyat yoldaşım səbirsizlənmişdi, hər gün “hizbullah bitmədimi?” deyib sual edirdi. Hərdən də gileylənirdi ki, “Hizbullah bizi yaşamağa qoymadı”. Bəlkə də gileylənməyə əsası var idi, çünki əsərin son cildini yazanda 18 ay öz otağıma qapılıb, demək olar təcrid olunmuşdum.
-Bu yaxınlarda Azərbaycana səfər etdiniz, “Uzun səfərin qəribə sonluğu”, “Odunçunun nağılı” kitabların təqdimatı ilə bağlı məktəblərdə görüşləriniz keçib. Bu görüşlər zamanı hansı maraqlı anlar yaşandı?
-Neftçalada Heydər Əliyev Mərkəzində, 1 saylı orta məktəbdə, Bakıdakı 161 və 248 saylı məktəblərdə görüşlərim oldu, hamısında da yaddaqalan hadisələr baş verdi. İlk növbədə, oxucuların əsərlərimdəki müxtəlif mövzularla bağlı verdikləri suallar məni onlarla ətraflı söhbət etməyə ruhlandırırdı. Neftçala məktəbində şagirdin “Tiqranizm Xocalıda” kitabının mahiyyəti haqda verdiyi sualla təkrarlanan tariximiz, səhvimiz və Birinci, İkinci Qarabağ savaşlarının qısa təhlilini vermək məcburiyyətində qaldım. Yeniyetmələrlə bu istiqamətdə söhbətlər önəmlidir.
Gözlənilməz hadisələrdən biri isə 6 yaşından dostluq etdiyim Lumunun 40 il əvvəl yazdığım şeirimi mənə təqdim etməsi oldu. Əvvəldə də qeyd etdiyim kimi, 12 yaşımdan başlayaraq on il şeir yazmışdım, anam təsadüfən onları yandırmışdı. Onlardan qalan yeganə şeiri uşaqlıq dostum mənə verəndə sanki uşaqlığımla yenidən görüşdüm.
Bakıdakı 248 saylı məktəbdə isə başqa bir aləmə düşdüm, sinifdəki 22 uşaq mənimlə görüşədək “Uzaq səfərin qəribə sonluğu” kitabımı kağıza çap edib, cildləyib oxumuşdu. Onların hərəsinə bir imzalı kitab bağışladım. Onlarla kitabı ətraflı təhlil etdik.
-Azərbaycana budəfəki səfəriniz sizi yeni əsər yazmağa ruhlandıracaqmı?
-Oxuculardan aldığım sorğular və əsərlərimlə bağlı təhlilləri əsasında formalaşan publisistik bir əsər alına bilər. Bilirsiniz ki, iki saatlıq görüşdə yüzdən artıq oxucunun bütün suallarına cavab vermək mümkün deyil, cavab vermədikdə isə insanın içində nə isə düyünlənib qalır. Ona görə də yeni əsərin süjetin düşünürəm və bir az əvvəl dediyim kimi, “Tiqranizm Xocalıda” kitabımla bağlı verilmiş suala cavab olaraq İkinci Qarabağ müharibəsindən bəhs edən “Nənəmin dronu” kitabımı tezliklə redaktə etmək istəyirəm ki, oxucum sualına tam cavab alsın.
İsveçdə Azərbaycan yazıçısı olmaq çətindirmi?
-Müəyyən yaşdan sonra İsveçə gəlib özünü yazıçı kimi təsdiqləmək çətindir, bu çətinliyi hər an yaşayıram. İsveçdəki oxucular əsərlərimi ingilis yox, İsveç dilində oxumaq istəyirlər. Bədii tərcüməçi qıtlığından əziyyət çəkənlərdən biri də mənəm. Məsələn, “Ənqa quşu” kitabımla bağlı kitabxana və məktəblərdə çoxlu görüşlərim keçirilib, lakin uşaqlar onu İsveç dilində istəyəndə bir az da əzilmiş kimi olmuşam.
İlk növbədə, istərdim ki, “Ənqa quşu” kitabı İsveç dilinə tərcümə olunsun, çünki kitab təbiətin fəlsəfəsindən bəhs edir. Digər tərəfdən bu, uşaqlar üçün təbiətin mahiyyətindən bəhs edən irihəcmli əsərdir. İsveçdəki “Lava” nəşriyyatlar qrupuna kitabın mətnini ingilis dilində göndərmişdim, onlar rəylərində bu kitabla yeni bir dünya yaratdığımı yazıblar. Çox istərdim ki, yaratdığım yeni dünyadan xəbər tutanlar çox olsun.
Nərgiz Cəfərli, AZƏRTAC
Hiç yorum yok:
Yorum Gönder