Dərin zəka sahibi



Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdə ləyaqətlə işləmiş Əhməd Bəşir oğlu Əsədov 2024-ü ilin mart ayının 13-də haqq dünyasına qovuşmuşdur.
Dövlət qulluğu təqaüdçüsü, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlət Birliyinin üzvü, baytarlıq elmlər namizədi Əhməd Əsədov 1942-ci ilin may ayının 9-da Qubadlı rayonunun Qaralar kəndində ziyalı ailəsində anadan olmuşdur.
Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakıya gəlmiş və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə daxil olmuşdur. 3-cü kursda  o yenidən imtahan verərək Kənd Təsərrüfatı İnstitunun Baytarlıq fakültəsinə qəbul olunmuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir.
Doğulduğu rayonda gənclərin təhsilə və elmə yönəlməsində, müxtəlif ixtisaslar üzrə ali təhsil almalarında böyük əməyi olmuşdur. 
Kənd Təsərrüfatı Nazirliyində 10 il Respublikanın baş baytar həkimi və uzun illər Baş Heyvandarlıq  İdarəsinin rəisi vəzifələrində şərəflə işləmiş, 3 il nazir müavini səlahiyyətlərini icra etmişdir. 
Öz ixtisasını mükəmməl bilən Əhməd Əsədovun Heyvandarlıq sahəsinin inkişaf etdirilməsində xidmətləri böyük olmuşdur.
Ulu öndər Heydər Əliyev Əhməd Əsədovu şəxsən tanıyır, onun heyvandarlıq sahəsindəki xidmətlərini yüksək qiymətləndirirdi. 
"Tərəqqi" medalı, fəxri diplom və digər  dövlət mükafatları ilə təltif olunmuşdur.
Dəqiq elmlərlə yanaşı, humanitar elmləri də gözəl bilirdi.
Əhməd Əsədovun dövri mətbuatda, xüsusilə dövlət qəzetlərində 2500-dən çox elmi, iqtisadi, siyasi, ədəbi, bədii məzmunlu məqalələri, tövsiyyələri çap olunmuşdur.
10- dan çox kitabın (monoqrafiya, vəsait və s.) müəllifidir. Qızıl qələm və bir çox media mükafatlarına layiq görülmüşdür.
Bir neçə il Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Univetsitetində) dövlət imtahan komissiyasının sədri olmuş və ədalətli qərarları ilə yadda qalmışdır. 
"Həkəri" qəzetində baş redaktorun birinci müavini vəzifəsində işləyərkən dəyərli məsləhətləri ilə qəzetimizin çap olunmasında, yayılmasında və təbliğində böyük əməyi olmuşdur.
Poeziya vurğunu idi. Qeyri adi qabiliyyət sahibi idi. Doğma ana dilindən başqa bir neçə dildə sərbəst danışırdı.
Birinci Vətən müharibəsi illərində Əhməd müəllimin fəaliyyəti xüsusilə təqdirəlayiq olmuşdur.
Ağdam şəhərində yerləşən Qərargahın üzvü olaraq General Məhəmməd Əsədov, Zülfü Hacıyev, Yasif Nəsirli, Nadir Əhmədov və digər dövlət xadimləri ilə birlikdə vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmişdir.
Cəbhə bölgələrində dəfələrlə ölümlə üz-üzə gəlsə də Əhməd Əsədov öz əqidəsindən dönməmişdir.
El-obamızın xeyir və şərində fəal iştirak edən Əhməd müəllim dosta sədaqətli, ağırtaxtalı, mərd kişilərdən idi.
Hələ "Respublika" qəzetində işlədiyim illərdə Kənd Təsərrüfatı Nazirliyinə gedərkən Əhməd müəllim bizi mehriban qarşılayar və ona vaxtilə təqdim etdiyim kitabları masasının üzərində saxlayaraq iş yoldaşlarına məni yüksək səviyyədə  təqdim edərdi.
Son dərəcə qayğıkeş, rəhimli insan idi. Maraqlı və aktual məqalələri ilə imzası qəzetimizi daha da şərafətləndirərdi.
Çap olunan hər cümləni oxuyaraq fikir bildirərdi.
Qəzetimizdə qaçqın və məcburi köçkün həyatından silsilə yazılar dərc etdirərdik. Hətta "Həkəri" qəzetinin birinci səhifəsində Xalq qəhrəmanı Qaçaq Nəbinin şəklini dəyişməyi məsləhət görənlərə Əhməd müəllim əsəbləşərək qəti etirazını bildirmiş və məni müdafiə edərək demişdir ki, Qaçaq Nəbi nəinki Qubadlının, eyni zamanda türk dünyasının qəhrəmanıdır.
Əsədli imzasıyla məqalələr dərc etdirən eloğlumuz  doğma yurduna qayıtmaq arzusuyla yaşayırdı.
44 günlük Vətən müharibəsində ordumuzun qələbəsi Əhməd müəllimi sonsuz dərəcədə sevindirmişdir.
Doğma Qubadlı rayonunun düşmən tapdağından  azad olunma xəbərini mənimlə bölüşərkən Əhməd müəllimin sevinc göz yaşlarının şahidi olmuşdum.
Geniş dünya görüşünə, erudisiyaya malik  Əhməd Əsədov  ədəbiyyat, siyasət, iqtisadiyyat, təbiət elmlərini bir-birindən gözəl bilirdi. Əhməd müəllim canlı ensiklopediya idi.
İstənilən ölkə haqqında söhbət düşəndə onun tarixi, sosial, iqtisadi və coğrafi məlumatlarının əzbərdən bilməsi həmsöhbətkarlarını təəcübləndirərdi. 
Öz işinə qarşı çox məsuliyyətli, sözübütöv və dürüst insan idi.
Dosta sədaqətli, təəssübkeş ziyalılardan idi.
Paxıllıqdan uzaq, xeyirxah insan idi.
Ömür-gün yoldaşı, ixtisasca tarix müəllimi olan Sima xanımla birlikdə vətənpərvər övladlar böyüdüb boya-başa çatdırmışdırlar.
Son illər şəkər xəstəliyi və ürək çatışmazlığından əziyyət çəkirdi. Uzun illər müalicə olunsa da,ağrılarını kimsəyə hiss etdirmirdi.
Amansız ölüm mart ayının 13 də onu da haqladı. Haqq dünyasına qovuşdu. Hər kəs vaxt vədə yetişəndə torpağa qovuşacaqdır. Əhməd Əsədov da şərəfli ömür sürərək Allahın dərgahına qovuşdu.
Mən inanıram ki, Əhməd müəllimin övladları onun maraqlı və aktual məqalələrini, əlyazmalarını toplayaraq çap etdirəcək və gələcək nəsillərə yadigar saxlayacaqlar.
Əhməd müəllim cismən bizdən ayrılsa da, ruhu daimi bizimlədir.
Görkəmli şəxsiyyət, elm fədaisi olan Əhməd Bəşir oğlu Əsədovun əziz xatirəsi doğmalarının, dostlarının qəlbində əbədi yaşayacaq və hər zaman ehtiramla yad ediləcəkdir.
Allah rəhmət eləsin.
Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru, şair- publisist.

Hiç yorum yok:

Yorum Gönder

Pages