Bakıda tramvay və trolleybusa əvəz: Həm ucuz, həm sürətli



“Əgər məni Bakının Baş planı üzərində işlərə cəlb etsəydilər, ekoloji təmiz nəqliyyatın bərpa edilməsində israr edərdim”.

Bunu Bakının tarixi və memarlığı sahəsində tədqiqatçı Fuad Axundov deyib. 

O qeyd edib ki, Tramvay, trolleybus Bakıya qayıtmalıdır:

“Onlar ultramüasir olmalıdırlar. Bir çoxları deyir ki, təəssüf ki, tramvayı məhv etdilər. Amma etiraf etmək lazımdır ki, həmin an başqa çarə də yox idi. Tramvay şəbəkəsini o zaman ya tam dəyişmək lazım idi, amma buna o zaman vəsait yox idi, ya da məhv edilməli idi. Mən tramvay infrastrukturunu məhv edənləri tənqid etmirəm”. 

Tədqiqatçı vurğulayıb ki, Avropanın bir çox şəhərləri bu prosesdən keçiblər, amma onlar bu nəqliyyat növünü bərpa ediblər:

“Yeni tramvaylar hər biri 200-250 nəfəri tuta biləcək 5-6 vaqondan ibarət olmalıdırlar. Şəhərin əsasən mərkəz hissəsində tramvaylar böyük bir insan kütləsini daşımalıdır. Bakıda trolleybus 1941-ci il dekabrın 18-də xəttə buraxılıb. Təsəvvür edə bilərsinizmi, müharibənin ən dəhşətli vaxtlarında bu olub”.

Qeyd edək ki, Bakının Baş planında nəqliyyat infrastrukturunun qurulmasına və nəqliyyatın daha çox tənzimlənməsinə, o cümlədən paytaxtda yenidən tramvay xətlərinin bərpası öz əksini tapıb.

Xatırladaq ki, Bakı şəhərində tramvaylar, 1924-2004-cü illər arasında, yəni 80 il ərzində mövcud olub. Bu müddət ərzində Bakıda bir tramvay parkı, 6 marşurut xətti yaradılıb.

1941-ci ildən şəhərdə hətta trolleybus xətləri də salınıb. Bu gün isə yalnız köhnə Bakının rəsmlərinə nəzər saldıqda həmin dövrdə fəaliyyət göstərən nəqliyyat vasitələrini də görmək mümkündür. Paytaxtın mövcud vəziyyəti, infrastruktur həmin nəqliyyat vasitələrinin bərpasına imkan verirmi?

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev “Cebhe.info”-ya bildirdi ki, paytaxta yenidən trolleybus, tramvayların qaytarılması ilə bağlı fikirlər birmənalı deyil, burada fərqli görüşlər var:

“Ümumiyyətlə, nəqliyyat infrastrukturu elə formalaşdırılmaldır ki, o yükü daşıya bilsin. Yəni ilk növbədə hazırkı çıxılmaz vəziyyəti, sıxlıq, avtobus marşrutların gecikməsi, dayanacaqlarda vətəndaşların saatlarla avtobus gözləməsi, tıxaclar var ki, onlar həll edilməlidir.

İkinci əsas məsələ ekoloji məsələdir. Hazırda bütün dünya elektromobillər, elektrik mühərrikli avtobuslardan istifadəyə keçir. Eləcə də trolleybus, tramvay şəbəkəsini genişləndirir. Düşünmürəm ki, biz yenidən trolleybus, tramvay şəbəkəsini yenidən qaytarmalıyıq. Doğrudur, çeşidli nəqliyyat vasitələri olmalıdır. Fərqli istiqamətlərdə, xüsusilə metro xətlərini inkişaf etdirməliyik. 

Ancaq tramvay xətlərinin bərpasının bir neçə müsbət və mənfi tərəfləri var. Belə ki, artıq tramvay xətləri, reysləri artıq sökülüb və onu yenidən bərpa etmək çətin olacaq. Həm bahalıdır, həm də elə ərazilər var ki, oraya yerləşməyəcək, çünki burada çoxmərtəbəli binalar, obyektlər tikilib. Onu söküb yenidən tramvay xəttini çəkmək məntiqsiz olardı. Bəzi yerlərdə bu mümkün olacaq və onu da zənnn etmirəm ki, bizə çox faydası ola bilər.

Bundan başqa tramvay xəttinin elektrik naqillərinin, 20 il bundan əvvəli gözümüzün önünə gətirdikdə necə sallandığını canlandırmaq olar. Məsələn, “Azneft” dairəsində o vaxtlar mövcud olan xətlər mənim yadımdadır və yenidən həmin xəttləri bərpa etsək, şəhərin görünüşünə müsbət təsir göstərməyəcək.

Eləcə də tramvay xətlərində o ancaq həmin xəttin üzərində gedə bilir. Təbii ki, sabah iki avtomobil toqquşaraq yolu kəsərsə, o yol  iflic olacaq. Eyni zamanda tramvaylar nə qədər izolyasiya olsa, reysin üzərində hərəkət edəndə istər-istəməz ətraf binalarda səs yaradır. Bu da onun mənfi tərəflərindəndir”. 

Ekspertin sözlərinə görə, trolleybus və tramvayların əvəzinə elektrik mühərrikli avtobusların fəaliyyəti daha məqsədəuyğundur:

“Onlar bir dəfə enerji yükləndikdə bir neçə dəfə gedib-gələ bilərlər. Çox güclü enerji doldurma stansiyaları da mövcuddur. Yarım saat ərzində 250 kilovat gücündə elektrik yükləyiciləri var. Dolayısı ilə elektrikli avtobusların üstünlükləri daha çoxdur, nəinki tramvay və trolleybusların. Avtobus yolda hərəkət edən zaman zolağı dəyişə bilir.

Ancaq tramvay qarşısında maneə olduğu zaman bu mümkün deyil. Yaxud, bir avtobusun marşrutunu sabah başqa əraziyə də dəyişmək olur, ancaq tramvaylarda mümkün deyil. Bəzi ölkələrdə, Avropanın, Türkiyənin bəzi şəhərlərində tramvaylar hələ də qalıb. Bunlar bir zaman mövcud olub, biz onu söküb, ləğv etdik. Bəlkə zamanının tələbi idi, bəlkə də səhv etdik. Ancaq hazırda bizdə yoxdur. Onu yenidən bərpa etmək düzgün qərar deyil”.

Nigar Abdullayeva

Hiç yorum yok:

Yorum Gönder

Pages