22 mart - Ümumdünya Su Günüdür



1992-ci ildə BMT-nin keçirdiyi Ətraf Mühit və İnkişafa dair Konfransda ilk dəfə olaraq içməli suyun bəşəriyyət üçün əhəmiyyətini qeyd etmək məqsədilə müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması tövsiyə edilmişdir. Bu tövsiyəyə uyğun olaraq BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan etmiş və həmin ildən 22 mart Ümumdünya Su Günü kimi qeyd olunur.
Yer üzərində yaşayan insanların hər biri gün ərzində 2-4 litr su içir, bundan daha çox içməli su isə istehlak olunan kənd təsərrüfatı məhsullarına sərf olunur. Xatırladaq ki, 1 kiloqram ətin istehsalına 15000, 1 kiloqram buğdaya isə 1500 litrə yaxın su sərf olunur. Təəssüf ki, su ehtiyatları dünya ölkələri arasında bərabər paylanmamışdır. Milyardlarla insan dünyada içməli və təmiz su qıtlığından əziyyət çəkir. Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir.
Azərbaycanın şirin su ehtiyatları yeraltı sularla birlikdə illik təqribən 35 km3 qiymətləndirilir. Yerüstü su ehtiyatlarımızın 70 faizi iri tranzit çaylarla ”“ Kür, Araz, Qanıx, Samur çayı ilə daxil olan su ehtiyatlarıdır. Əsas su arteriyalarımız olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində yüksək dərəcədə çirklənməyə məruz qalır. Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdirilir. Ölkənin ərzaq təhlükəsizliyi birbaşa su ehtiyatları ilə bağlıdır. Formalaşmış ekosistemlərin və ekoloji tarazlığın qorunması şərtləri ilə istifadə oluna bilən su ehtiyatlarımız daha da azdır. Tədqiqatlar göstərir ki, qlobal iqlim dəyişmələri ilə əlaqədar temperaturun və buxarlanmanın artması nəticəsində su ehtiyatlarımız 20-25 faiz azala bilər. Küllü miqdarda ziyana səbəb olan daşqınlar və sellər isə bu problemin digər tərəfidir.
Ekspertlərin rəyinə görə təmiz və içməli su problemi Azərbaycanın ekoloji problemləri sırasında ilk yerlərdən birini tutur.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-2011-ci illər ərzində 20 rayonun ümumi əhalisi 350 mindən artıq olan 188 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq əhalinin istifadəsinə verilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Hiç yorum yok:

Yorum Gönder

Pages