UNESCO Baş Assambleyasının 2019-cu il noyabrın 26-da Fransanın paytaxtı Parisdə keçirilən 40-cı sessiyasında hər il martın 14-də Beynəlxalq Riyaziyyat Gününün qeyd olunması barədə qərar qəbul edilib.
UNESCO üzv dövlətləri, eləcə də hökumətlərarası və qeyri-hökumət təşkilatlarını, elmi tədqiqat mərkəzlərini, vətəndaş cəmiyyəti təşkilatlarını, universitetləri və s. bu günü qeyd etməyə, Beynəlxalq Riyaziyyat Gününün verdiyi imkanlardan istifadə edərək üzv dövlətlərdə riyaziyyatın potensialının gücləndirilməsi məqsədilə innovativ layihələr həyata keçirməyə çağırıb.
Azərbaycanda riyaziyyat elminin inkişafına daim böyük önəm verilib, Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrində, Elm və Təhsil Nazirliyinin Mexanika Riyaziyyat İnstitutunda və digər elm və təhsil qurumlarında riyaziyyat elmi üzrə geniş elmi tədqiqatlar aparılıb, böyük elmi nəticələr əldə olunub.
Ölkəmizdə müasir riyaziyyatın əsasları və bu sahədə sistemli elmi tədqiqatlar 1919-cu ildə müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması və 1920-ci ildə onun tərkibində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlaması ilə bağlıdır.
Riyaziyyat sahəsində Azərbaycanda ilk elmlər doktoru olmuş akademik Zahid Xəlilov (1911-1974) ölkəmizdə funksional analiz məktəbinin əsasını qoyub və SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi olub. Onun elmi nəticələri Sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunub.
İbrahim İbrahimov (1912-1994), Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim, 1939-cu ildə fizika-riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alan ilk azərbaycanlı olub. Akademik İbrahim İbrahimov Sovet İttifaqı və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alim idi. Onun rəhbərliyi ilə ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılıb və dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr alınıb.
Riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Rəsulov (1916-1993) diferensial tənliklər sahəsinin Azərbaycanda əsasını qoyanlardan və Sovet İttifaqında ən nüfuzlu jurnallardan biri olan “Diferensial tənliklər” jurnalının yaradıcılarından biri olub.
Əlbəttə, ölkəmizin inkişaf və tərəqqisində əvəzolunmaz xidmətləri olmuş şəxsiyyətlər kifayət qədərdir. Görkəmli riyaziyyatçı alimlərimiz öz zəngin irsi və geniş elmi fəaliyyətləri ilə riyaziyyat elminin inkişafında mühüm rol oynayıb, gənclərin elmə gəlməsində, alim kimi yetişməsində onların böyük zəhməti olub.
2021-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.
Riyaziyyat və Mexanika İnstitutu ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hindistan, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələrinin elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq edir.
İnstitut əməkdaşları ölkəmizin müxtəlif ali təhsil müəssisələrində mühazirələr oxuyur, bakalavr və magistr işlərinə elmi rəhbərlik və Yekun Dövlət Attestasiya Komissiyalarına sədrlik edirlər. Bundan əlavə, institut əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində Riyaziyyat dərsliklərinin qiymətləndirilməsi üzrə ekspert qismində, Dövlət İmtahan Mərkəzində qəbul imtahanlarının keçirilməsində və test proqramlarının hazırlanmasında fəal iştirak edirlər.
Hiç yorum yok:
Yorum Gönder