Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür



Bu gün Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadənin doğum günüdür.

Bakmiltv.info xatırladır ki, Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. 

Orta təhsilini Bakıda 7 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olub. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Cücələrim” mahnısı “Artek” pioner düşərgəsində buraxılan “Dünyanın ən yaxşı uşaq səsləri” musiqi valına daxil edilib.

12 yaşında istedadlı qız “Azərbaycanfilm” kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. Səkkizinci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın “Yollar və küçələrlə” qısametrajlı filmində baş rolda çəkilib. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan “Ulduz” filmində Yetər roluna dəvət olunub.

Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdıb. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirib və bir çox filmlərdə yadda qalan obrazlar yaradıb.

Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. “Floristika” İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.

Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən “Floristika sənayesində yeni peşəkar istiqamət” sertifikatı ilə mükafatlandırılıb. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib.

Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən “Floristika” kitabının müəllifidir. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib. 1 avqust 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages