Naxçıvan Milli Komitəsi və Araz-Türk Cümhuriyyəti ərazi bütövlüyümüzün qorunmasında mühüm rol oynayıb
Azərbaycan Respublikasının Silahlı Qüvvəıəri və Nüharibə Veteranı polkovnik Salman Musayev
Fevralın 9-da Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-ci ildönümü tamam olur. Naxcvan Muxtar Respubilkasının
100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respubilkası Prezidenti İlham Əliyev 30 dekabr 2023 -cü il tarixdə sərəncam imzalamışdır.
Naxçıvanın muxtariyyət məsələsinin siyasi gündəmdə yerini almasının əsas səbəbi 1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi saziş olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəliyə gəlib.
Sovet Rusiyası Ermənistanı sovetləşdirmək üçün bir sıra torpaqlarımızı Azərbaycanın xəbəri və iştirakı olmadan Ermənistana verirdi. Bunun əsası hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdu. Sovet Rusiyasının təzyiqi ilə İrəvan şəhəri paytaxt kimi 1918-ci il mayın 29-da Ermənistana verilmişdi. Bundan sonra Ermənistanın ərazi iddiaları artmışdı. Onlar açıq-aşkar bildirirdilər ki, Ermənistan bu kiçik ərazidə yaşaya bilməz, ona yeni torpaqlar verilməlidir. Ermənistan SSR himayədarlarının köməyi ilə 1918-1920-ci illərdə qonşu Azərbaycan ərazilərini Ermənistana birləşdirmək üçün açıq silahlı mübarizəyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti naxçıvanlılara lazımi kömək göstərə bilmirdi. Siyasi və diplomatik sahədə Naxçıvanı müdafiə etsə də, hərbi və maddi yardım edə bilmirdi. Bununla belə naxçıvanlılar öz qüvvələrinə arxalanaraq ermənilərə qarşı qətiyyətli mübarizə aparırdılar. Bu işdə onlara Naxçıvan Milli Komitəsi və Araz-Türk Cümhuriyyəti rəhbərlik edirdi. Təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi, “...igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”.
Ermənilərin Naxçıvan və Şərur iddiaları bitib-tükənmədiyindən Naxçıvan əhalisi cidd-cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışır, onunla birləşmək üçün müxtəlif yol və vasitələr axtarırdı. Bütün bunlar isə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən razılıqla qəbul olunur, müəyyən tədbirlər görülürdü.
Düşmən Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində diz çökdürülüb
1919-cu ilin əvvəllərində ingilislər Naxçıvana gəlib. Onlar öz fəaliyyətində Naxçıvanı Ermənistana vermək üçün çalışırdılar. Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almaq üçün Səməd bəy Cəmillinskinin başçılığı ilə Naxçıvanda general-qubernatorluq yaratdı. İngilislərdən sonra ABŞ nümayəndələri Naxçıvana gəldilər. Onların məqsədlərini bilən qəhrəman naxçıvanlılar da buna imkan vermədilər. Amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhdlər etdi. Lakin Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Naxçıvan, Ordubad əraziləri 1920-ci ilin ortalarına doğru tamamilə ermənilərdən təmizləndi.
1920-ci ilin iyulunda XI Ordu qüvvələrinin Naxçıvana göndərildiyini və hakimiyyətin bolşeviklərin ixtiyarına keçdiyini diqqətə çatdıran akademik bildirib ki, bu zaman türk qoşun hissələri də Veysəl Ünüvarın başçılığı ilə Naxçıvanda yerləşmişdi. Beləliklə, bölgə əhalisinin inadlı mübarizəsi nəticəsində erməni silahlı quldur dəstələrinə layiqli cavab verildi və ərazi qorunub saxlanıldı. Sonradan – 1923-cü ildə bu məsələdən bəhs edən Ermənistanın birinci baş naziri O.Kaçaznuni etiraf edirdi ki, “müsəlman Naxçıvanı və Şərurunda..., müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik (işğal edə bilmədik – İ.H.), silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. ...Şərur, Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi, hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
Sovet Rusiyasının Milli İşlər komissarı İ.Stalin Rusiyanın maraqlarından çıxış edərək həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. O, 1920-ci il noyabrın 4-də Bakıda keçirilən bir müşavirədəki çıxışında deyirdi: “Əgər bilmək istəyirsinizsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu fikri, əslində, Naxçıvanı Ermənistana vermək istiqamətinə yönəlmişdi, 24 gündən sonra Ermənistan sovetləşdirildi. Rusiyanın təzyiqi ilə noyabrın 30-da Nəriman Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşri ortaya çıxdı. Guya belə çıxırdı ki, N.Nərimanov Zəngəzur və Naxçıvanın Ermənistana verilməsinə tərəfdardır.
Behbud ağa Şahtaxtinskinin vətənpərvərliyi, diplomatik məharəti, Türkiyənin ədaləti mövqeyi ermənilərin planlarını darmadağın edib
“1920-ci il dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Vəziyyətin bu cür kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. B.Şahtaxtinski əhali ilə görüşlərində vəziyyəti izah etdi, çıxış yollarını göstərdi. O, hələ 1920-ci ilin əvvəllərindən başlayaraq V.Leninə göndərdiyi məktub və teleqramlarda Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini əsaslandırırdı” deyən AMEA Naxçıvan Bölməsinin sədri vurğulayıb ki, 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumda əhalinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi. Referendumun nəticəsi, əslində, problemin həllində mühüm rol oynadı və Sovet Rusiyası bunu nəzərə almaya bilməzdi. B.Şahtaxtinskinin 1921-ci il martın 1-də Leninə göndərdiyi məktub və arayışda Cənubi Qafqazla, eləcə də Naxçıvanla bağlı mühüm məsələlər qaldırılırdı. Artıq Moskvada Sovet Rusiyası ilə Türkiyə Böyük Millət Məclisi nümayəndələri arasında danışıqlar gedirdi. Bu danışıqlarda Naxçıvan məsələsi də müzakirə olunurdu. Müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, ona muxtariyyət statusu verilməsi və üçüncü dövlətə verilməməsi məsələləri öz əksini tapdı. RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da bağlanmış müqavilədə bunlar təsbit edildi. Moskva müqaviləsi, eyni zamanda Rusiya və Türkiyə arasında mövcud olan problemləri də həll etdi. Lakin Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri həll etmək lazım idi. Dövlətlər arasındakı razılığa əsasən belə bir konfrans Qars şəhərində keçirildi. Qars konfransı sentyabrın 26-dan oktyabrın 13-dək baş tutdu və Qars müqaviləsinin bağlanması ilə yekunlaşdı. Konfransda Azərbaycanı xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski və Naxçıvan SSR-in XKS-nin göndərdiyi Tağı Səfiyev təmsil edirdilər. Konfransda Türkiyə nümayəndələri çalışırdılar ki, hər respublika ilə ayrı-ayrılıqda müqavilə bağlanılsın. Lakin Rusiya nümayəndəsi Y.Qanetski buna imkan vermədi və respublikalar ilə vahid müqavilə bağlandı. Rusiyanın iştirakı ilə 20 maddə və 3 əlavədən ibarət olan Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalandı.
Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir
Müqavilənin beşinci maddəsi bilavasitə Naxçıvanla bağlı idi. Bu maddəyə görə, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirdilər”. Bu maddəyə görə, Ermənistan Naxçıvanın Azərbaycanın himayəsinə verildiyini, Azərbaycan isə bu himayəni qəbul etdiyini təsdiq edirdi. Müqavilənin “Naxçıvan ərazisi” adlanan III əlavəsində onun sərhədləri dəqiq müəyyən edilirdi: Sərhəd Urmiya kəndindən düz xətt ilə Arazdəyən stansiyasına, oradan Daşburun dağına qədər uzanır və Moskva müqaviləsi ilə müəyyən edilmiş sərhədlər əsas götürülərək keçmiş Naxçıvan qəzasının Şərq inzibati sərhədlərində qurtarırdı. Moskva müqaviləsi ilə müəyyən edilmiş ərazi Rusiyanın təhriki ilə Qars müqaviləsində bir qədər azaldılmışdı. Bununla belə, Qars müqaviləsinin nəticələrindən narazı qalan ermənilər yenə də öz qonşularına, ilk növbədə, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürdülər.
Bu barədə danışan akademik diqqətə çatdırıb ki, müqavilənin Cənubi Qafqaz respublikaları üçün əhəmiyyətli cəhətləri vardır. Bu respublikaların Türkiyə ilə ərazi məsələləri həll edildi, onunla mehriban qonşuluq münasibətlərinin əsası qoyuldu. Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi qəbul etdi. Qars müqaviləsinin ən əhəmiyyətli tərəflərindən biri onun müddətsiz imzalanması idi. Artıq bu müqavilənin birəsrlik tarixi vardır. Qars müqaviləsi ilə Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir – bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Xalqımızın ümummilli lideri Heydər Əliyev çox böyük uzaqgörənliklə Naxçıvanın muxtariyyət əldə etməsinə və bu sahədə Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün, xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Naxçıvanda keçirilən referendum bölgənin gələcək taleyini müəyyənləşdirib
Qeyd etmək lazımdır ki, əgər Naxçıvanda keçirilən 1921-ci il referendumu olmasaydı, Naxçıvanın muxtariyyət məsələsi gündəlikdən çıxarılacaq, Moskva və Qars müqavilələrində öz əksini tapa bilməyəcəkdi.“Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında 2021-ci il fevralın 8-də Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir... Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir”.
Keçirilmiş ümumxalq səsverməsinin və beynəlxalq müqavilələrin bölgənin gələcək taleyini müəyyənləşdirdiyini vurğulayan akademik qeyd edib ki, 1924-cü il fevralın 9-da məhz bu sənədlər əsasında Naxçıvan Muxtar Respublikası yaradıldı. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”. Naxçıvan Muxtar Respublikasının 1998-ci il yeni Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə olunub və onun Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilib. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının ildönümləri dövlət səviyyəsində qeyd olunub. Həmin yubiley tədbirlərində ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev iştirak ediblər.
Dövlətimizin başçısı: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir”
İ”Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib, regionu çiçəklənən diyara çevirib. Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini verib. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfərləri, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirdiyi qətiyyətli tədbirlər, muxtar respublikaya göstərdiyi diqqət və qayğı bölgənin dayanıqlı və kompleks inkişafına, ən öncül regiona çevrilməsinə səbəb olub”.
Akademik vurğulayıb ki, burada Ali Məclis Sədrinin yüksək idarəetmə bacarığı, məqsədyönlü fəaliyyəti də qeyd edilməlidir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası hərtərəfli və dinamik inkişafa nail olub, 2017 və 2018-ci illərdə mühüm iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının regionları arasında liderliyi qazanıb. Naxçıvan tarixin heç bir mərhələsində indiki qədər abad və yüksək inkişafa nail olmayıb. Naxçıvan aqrar bölgədən sənaye-aqrar regionuna çevrilib. Muxtar respublika bütün istiqamətlər üzrə rekordçu bölgə səviyyəsinə çatıb, müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin olunub. 2021-ci ildə ümumi daxili məhsulun həcmi 3 milyarddan çox olub ki, bu da 2020-ci illə müqayisədə 2,4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizindən çoxu istehsalın payına düşür. 1 milyard 69 milyon manatlıq sənaye məhsulu, 573 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Bütün sahələrdə artım faizlə yox, dəfələrlə özünü göstərib. Ali Məclisin Sədri deyib: “Muxtariyyət statusu çoxşaxəli inkişafla yanaşı, həm də Naxçıvanda böyük müdafiə potensialının formalaşdırılmasına əsas vermişdir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda real həyatda, insanların rahat yaşayışında, sabitlikdə, yüksək rifahda, yaşayış məntəqələrimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda görürük”.
Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı burada görülmüş işlərdən razı qaldığını bildirərək deyib: “Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir”.
Bütövlükdə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində ölkəmizin daha böyük inkişafına doğru inamla və qətiyyətlə irəliləyir, abad və çiçəklənən bir diyara çevrilir.
Ermənistanın Azərbaycana qarşı iddiaları nətiçəsində Naxcvanın uzun müddət tam təcrid və ağır blakada şəraitində olduğu vaxtlarda belə qəhraman əhalisi və qədim Azər torpağına işgal təhlükəsindən qutarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlar milli dövlətçiliyin bərpası, qorunması və möhləmıəndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Naxcvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışdir.
Hiç yorum yok:
Yorum Gönder