Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində geniş analitik məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, Malayziyanın geniş oxucu auditoriyasına malik “New Straits Time” nəşrində dərc olunmuş məqalədə 2020-ci il Vətən müharibəsi və ötən il aparılan antiterror tədbirlərindən sonra ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan xalqının ölkənin müasir tarixinin yeni mərhələsinə başlamaq ərəfəsində olduğu qeyd edilib.
“Azərbaycanın yeni regional reallıq yaratması, öz ərazilərində suverenliyini, hüququn aliliyini bərpa etməsi bəzi beynəlxalq gücləri çox narahat edib. Bu kontekstdə AŞPA-nın Bakıya təzyiqini misal çəkmək olar. Qələbədən sonra gələcəyə daha inamla baxan Azərbaycan xalqı iqtisadi, sosial sahələrdə əldə olunmuş müvəffəqiyyətləri möhkəmləndirmək, Silahlı Qüvvələrin qüdrətini artırmaq üçün dövlətçiliyə olan sədaqətini bir daha nümayiş etdirəcək”.
Malayziya nəşrində ölkəmizin son 20 ildə əldə etdiyi böyük nailiyyətlərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq neft-qaz layihələrindən bəhs edilib, Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Qəzetin məqaləsində vurğulanıb:
“Bütün bu uğurların arxasında onların memarı olan müdrik lider, insanları səfərbər edən siyasətçi dayanır. Onun yorulmaz fəaliyyəti həm də dünyada olan ədalətsizliklə mübarizəyə yönəlib. İlham Əliyev müsbət inkişaf tendensiyalarını irəli aparan liderdir”.
Estoniyanın “Riigikogu” nəşrində dərc olunmuş məqalədə bu ölkənin ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə daxil olan nümayəndəsi Heljo Pikhofun Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıqla bağlı ilk təəssüratı yer alıb. Eston deputat bildirib ki, müşahidəçilərin məqsədi prezident seçkisinin demokratik prinsiplərə uyğun olub-olmadığına, şəffaf səsvermə prosedurlarının və ədalətli təşviqat ab-havasının təmin edilməsinə nəzarət etməkdir. Prezident İlham Əliyevin seçkidə daha çox səs toplamaq şansının olduğunu qeyd edən Pikhof qeyd edib ki, o, Salyan rayonundakı məntəqədə səsvermə prosesini müşahidə edəcək. Məqalədə, həmçinin ATƏT DTİHB-nin seçkini müşahidə edəcək missiyasının tərkibi haqqında ətraflı məlumat verilib.
Türkiyənin “Anadolu” agentliyinin saytında dərc edilmiş məqalədə Azərbaycanda növbədənkənar prezident seçkisinə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığı vurğulanıb. Yazıda diqqətə çatdırılıb ki, seçkidə 7 namizəd qeydə alınıb, ölkə ərazisində 6,3 min seçki məntəqəsi fəaliyyət göstərəcək və 6,5 milyon seçici səsvermədə iştirak edəcək. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının yaşadıqları və uzunmüddətli ezamiyyətdə olduqları 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu seçkini müşahidə edəcək 85 min müşahidəçinin bir hissəsi 49 beynəlxalq təşkilatı və 70 ölkəni təmsil edirlər. Eyni zamanda, Türkiyə, Rusiya, Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrdən 63 beynəlxalq media təşkilatının nümayəndələri də seçkini müşahidə edəcəklər.
“Anadolu” agentliyi vurğulayıb ki, Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində də seçki məntəqələri yaradılıb. Sabahkı növbədənkənar prezident seçkisi 30 illik fasilədən sonra Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçki olacaq. Qarabağın incisi olan Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər rayonlarda 22 min seçici səsvermədə iştirak edəcək.
Məqalədə prezidentliyə namizədlər, onların proqramları haqqında da ətraflı məlumat verilib.
Rusiyanın TASS agentliyi, Birinci telekanalı və “Mir” telekanalının saytlarında da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində geniş analitik məqalələr dərc edilib. Bu məqalələrdə də qeyd olunub ki, prezident seçkisi ilk dəfə Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçiriləcək. “Azərbaycan hakimiyyəti növbədənkənar seçkinin keçirilməsini məhz ərazilərin azad olunması nəticəsində yaranmış yeni reallıqla izah ediblər. Prezident İlham Əliyev bəyan edib ki, bu seçki respublikanın həyatında yeni mərhələnin başlanğıcı olmalıdır”, - deyə Rusiya mediası vurğulayıb.
Məqalələrdə prezidentliyə namizədlər haqqında geniş məlumat verilib. “Ekspertlərin yekdil rəyinə görə, Prezident İlham Əliyev prezidentlik uğrunda yarışların şəksiz lideridir. Analitiklər şübhə etmirlər ki, 20 illik dövlət rəhbəri təcrübəsinə malik olan hazırkı Prezidentin rəqibi yoxdur, çünki ölkədə onun populyarlığı çox yüksəkdir. Belə ki, məhz onun sayəsində 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, 2020-ci ilin 44 günlük müharibəsində möhtəşəm Qələbə qazanılıb, Qarabağda separatçılığa son qoyulub”, -deyə yazılarda vurğulanıb.
Bu məqalələrdə də Azərbaycanın son 20 ildə əldə etdiyi böyük nailiyyətlər, seçkini müşahidə edəcək beynəlxalq missiyalar barədə ətraflı məlumat verilib.
İordaniyanın “The Jordan Times” qəzetində və “Assasuana” portalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı dərc olunmuş məqalələrdə bu ölkənin parlamentinin aşağı palatası və Senatının nümayəndələrinin seçkidə müşahidəçi qismində iştirak etdikləri vurğulanıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq, eyni zamanda, ölkənin tarixində yeni eranın başlanğıcı olacaq bu seçkini ATƏT-in DTİHB-nin nümayəndələri daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan 790 müşahidəçi izləyəcək. “Bu seçki onunla əlamətdardır ki, onlar ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilir”, -deyə sonda qeyd olunub.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ərəfəsində Qazaxıstanın “Kazinform” agentliyinin saytında da analitik məqalə dərc edilib.
Məqalədə MSK-nın sədri Məzahir Pənahova istinadla bildirilib ki, prezident seçkisini müşahidə etmək üçün 90 min müşahidəçi qeydə alınıb. Hər seçki məntəqəsində səsvermə prosesini 13-14 müşahidəçi izləyəcək. Bütün seçki məntəqələri lazımi avadanlıqla təchiz edilib, MDB PA, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Türk Dövlətləri Təşkilatının nümayəndələri seçkini müşahidə edirlər. Bununla yanaşı, müxtəlif ölkələrdən olan 63 media təşkilatı da səsvermə prosesini izləyəcək.
Hiç yorum yok:
Yorum Gönder