“Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş ilk inaqurasiya mərasimindəki çıxışı ilə ölkəmizin yeni dövr üzrə prioritetlərini, o cümlədən yeni hədəflərinin istiqamət və sərhədlərini aydın formada müəyyən etdi”.
Bunu Bakmiltv.info-ya açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, yeni dövrdə ilk növbədə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməklə davam ediləcək:
“Bu da çox təbiidir. Çünki Vətən müharibəsində və antiterror tədbirlərində müstəsna qələbəmizin nəticəsi olaraq İlham Əliyevin yaratdığı yeni reallıq fonunda biz Fransanın timsalında bir sıra güclərin riyakar mahiyyətinin üzə çıxdığının şahidi oluruq. Güclü ordu quruculuğu bu baxımdan yeni dövrdə bütün mümkün təhdidlərin zərərsizləşdirilməsinin əsas qarantlarından biridir.
Müdafiə sənayesinin inkişafına gəlincə, Prezident İlham Əliyev bu prosesə konseptual şəkildə yanaşır. Milli müdafiə sənayesinin güclənməsi həm də suverenliyin elementidir və dövlət başçısının da qeyd etdiyi kimi, bununla özümüzü həm daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq”.
Deputat vurğulayıb ki, Prezident inaqurasiya mərasimində digər hədəf kimi sərhəd təhlükəsizliyinin gücləndirilməsini müəyyən edib:
“Səbəb isə kifayət qədər aydındır, tarixi çıxışda da qeyd olunduğu kimi, bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq. Əlbəttə, müzəffər Ali Baş Komandanın özü də vurğuladı ki, bu gün biz Azərbaycan üçün təhdid görmürük, lakin unutmamalıyıq ki, ideoloji risklər sərhəd tanımır. Bu mənada, dövlət başçısı sərhədlərimizin möhkəmləndirilməsinə həm də ideoloji risklərdən qorunma imkanı kimi baxır. Bu baxımdan Prezidentin hədəfi odur ki, yeni epoxada ailə və məktəb tərbiyəsi istiqamətində dövlət siyasəti daha çevik və effektiv metodlarla realizə edilsin.
Yeni dövrdə xarici siyasət kursu da müəyyən dəyişiklikləri ehtiva edəcək. İlk növbədə, Azərbaycan artıq ikili standartlarla hesablaşmaq, beynəlxalq hüquq subyektlərinin riyakarlığına və selektiv siyasətinə dözmək niyyətində deyil. Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Eyni zamanda, Azərbaycan xarici siyasət kursunda türk dünyasının çəkisini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Müzəffər Ali Baş Komandanın təbirincə desək, böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali kimi vacib elementləri birləşdirən Türk Dövlətləri Təşkilatı həm də bir soydan, kökdən xalqlar olması baxımından Azərbaycan üçün ailədir”.
“Həmçinin, yeni dövrdə Azərbaycan xarici siyasət vektorlarını genişləndirmək, daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətindədir. Daha dəqiq desək, Zəfər qazanmış, reallıqlar yaratmış lider dövlət olaraq biz Ermənistanın timsalında hansısa üçüncü dünya dövləti ilə münasibətlərə vaxt ayırmağı yox, lider qlobal subyektlərdən biri kimi iqlim dəyişiklikləri, islamofobiyaya və neokolonializmə qarşı mübarizədə, dünyanı narahat edən problemlərin həllində daha fəal olmağı planlaşdırırıq. Ermənistanla münasibətlərə gəlincə, Bakı bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum görmür”, - deyə B.Məhərrəmov əlavə edib.
Hiç yorum yok:
Yorum Gönder