7 fevral Mübariz İbrahimovun doğum GÜNÜDÜR



Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili İşlər Nazirliyi Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəaində keçirib.

Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.

O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib.
Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib.

Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder

Pages