11 fevral, Tibbi təqvimdə Xəstələr Gününün olmasından bəlkə də çoxları xəbərsizdir. Əslində bu gün hamıya aid olsa da, ağrı-acıdan uzaq elə insanlar var ki, onların sağlamlıq durumu həkim qapısı döyməyə ehtiyac yaratmır. Sağlamlığa malik olmaq dünyanın ən gözəl nemətlərindəndir, lakin başqalarının ağrı-acısını duymaq və hiss etmək özü də insanı hissdir. Məşhur rus yazıçılarından birinin dediyi kimi, ağrı hiss edirsənsə, canlısan, başqalarının da ağrısını hiss edirsənsə, insansan.
Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün düşünülüb.
Həmin gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.
Hazırda dünyanın bir çox ölkələrində həmin gün xəstəliklərin profilaktikası, onun sağaldılması və sağlam həyat tərzinin təbliği mövzusunda müxtəlif tədbirlər keçirilir. Katolik məbədlərdə dindarlar xəstələrə şəfqət və həmrəyliklərini nümayiş etdirirlər.
Hiç yorum yok:
Yorum Gönder