Siyasi analitiklərin müşahidələrinə görə, 7 fevral növbədənkənar prezident seçkisi yaxınlaşdıqca Azərbaycana qarşı təzyiqlər artmaqdadır. Bu yöndə fakt olaraq hakimiyyəti tənqid edən hesabatların sayının hər gün artması misal göstərilir.
Bu da seçkiyə beynəlxalq etimadsızlıq yaratmaq istəyindən qaynaqlanır. Xüsusilə Avropa İttifaqı (Aİ) və onun strukturlarında ciddi fəallaşma nəzərə çarpır. Məsələn, Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko “jurnalistlərə qarşı mövcud təzyiqləri” tənqid edib. “Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni şoka saldı. Bu, xüsusilə məhkəmə zallarında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, - o, X platformasındakı hesabında yazıb. Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi Ayxan Hacızadə qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.
Prezidentliyə namizəd Fuad Əliyevin seçki qərargahının rəhbəri Xəzər Teyyublu isə vurğuladı ki, Avropa İttifaqı Azərbaycanla çox yaxşı enerji əməkdaşlığına malikdir, lakin onun bəzi qolları rəsmi Bakı əleyhinə bəyanatlar səsləndirir: “Xüsusən də Avropa Parlamenti bu məsələdə ardıcıl şəkildə qərəz nümayiş etdirir. Biz ölkədə problemlərin olmasını inkar edə bilmərik. Sadəcə, Qərb bunu kampaniyaçılığa çevirməklə səmimi olmadığını göstərir. Fransanın son illər açıq şəkildə düşmənçilik siyasəti Ermənistanı ötüb keçib. Makron administrasiyası, Fransa Senatı, Avropa Parlamentində olan ermənipərəst deputatlar müntəzəm şəkildə ittihamlar irəli sürür, Azərbaycanı Qarabağa "hücumda" günahlandırır. Yəni absurd və nahaq bir mövqe sərgilənir ki, Avropa dəyərlərinə, beynəlxalq hüquqa ziddir".
X.Teyyublu hesab edir ki, bütün bunlarla yanaşı, Azərbaycanda keçiriləcək seçkilərə kənar müdaxiləyə imkan verilməyəcək: “ATƏT-in, digər təsisatların seçkinin nəticələri haqda verəcəyi rəyin nədən ibarət olacağını bilmirəm. Amma yaxşı olar ki, həmin təşkilatlar 30 il işğal altında olmuş ərazilərdə seçkilərin keçirilməsinə münasibət bildirsinlər, Azərbaycanın ədaləti bərpa etdiyini dilə gətirsinlər, bacarıqsızlıqlarını, işğal faktına susmalarını etiraf etsinlər. Təəssüf ki, Qərb dairələri, beynəlxalq təşkilatlar obyektivliyini itiriblər. Fransanın isə bizim işimizə qarışmağa mənəvi haqqı yoxdur. Buna görə də cavabımız xalqımızın hamılıqla seçki günü səsvermə məntəqələrinə getməsi olmalıdır”.
Hiç yorum yok:
Yorum Gönder