Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
Bakmiltv.info xəbər verir ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə 1966-cı ildə "Qələbə bayrağı" rayon qəzetində "Şota Rustaveli" adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında "Aşıq Ələsgər" adlı mənzum pyesi tamaşaya qoyulub.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin Təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında Poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.
Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın "Şöhrət", Gürcüstanın "Şərəf" ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - "Xalq şairi" adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib və Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan ədəbiyyatında folklorla yazılı ədəbiyyatın sıx əlaqəsini bariz şəkildə əks etdirən Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Hiç yorum yok:
Yorum Gönder