Səfirliyimizə hücumdan 1 il ötdü - İran terrorçunu niyə cəzalandırmır...



Ekspert: “İstintaqın bu müddətdə yekunlaşdırılmaması şübhələrə yol açır”

Bu gün - yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun ildönümüdür. Əfsus ki, bir səfirlik əməkdaşımızın qətli, digərinin yaralanması ilə nəticələnən, iki ölkə arasında diplomatik əlaqələri ən aşağı səviyyəyə salan bu qatı cinayət əməlinə İran tərəfi hələ də hüquqi qiymət verməyib. Terrorçu Yasin Hüseynzadə layiqli cəzasını almayıb.

Ötən müddətdə biz Tehran rəsmilərindən yalnız quru bəyanatlar və vədlər eşitdik. Azərbaycan tərəfinin haqlı şərti isə məlumdur: terror aktı ədalətli hüquqi qiymətini almayınca, cinayətkar haqq etdiyi cəzaya çatdırılmayınca və Tehran real təhlükəsizlik zəmanəti verməyincə səfirlik öz fəaliyyətini bərpa etməyəcək.

Maraqlıdır ki, qanlı terror aktının ildönümü ərəfəsində İranın dini rəhbəri Əli Xamenei yenə islam ölkələrinin hökumətlərini tənqid edib, onları İsrail ilə bütün siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb. “İslam ölkələri rəsmiləri sionist rejimin həyati damarlarını kəsməli, bu rejimlə siyasi və iqtisadi əlaqələrini dayandırmalı və bu rejimə kömək etməməlidirlər”, - Xamenei bildirib.

İsraillə sıx əlaqələrə malik ölkələrdən biri Azərbaycandır. Ancaq paradoks ondadır ki, İran burdan-bura müsəlman ölkəsinin Tehran səfirliyinə hücum edib bir günahsız müsəlmanı öldürən terrorçunu cəzalandırmır, amma bizdən torpaqlarımızın işaldan azad olunmasında rol oynamış İsraillə əlaqələrimizi kəsməyi tələb edir. İndi bunu necə qəbul edək?

Hər şey qırağa, İran hakimiyyəti verdiyi sözü nə üçün tutmur və istintaq niyə yekunlaşmır?

Xəyal Bəşirov: Ulu Öndərin həyat fəlsəfəsinə həsr olunmuş tədbirlər davam  etdiriləcək - AZƏRTAC

Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, baş verən bütün proseslərə ədalətli yanaşma tərzi ortaya qoymaq lazımdır. Bunu ən layiqli şəkildə edən tərəflərdən biri Azərbaycan dövlətidir: “Azərbaycan haqlı olan tərəfə həmişə özünün dəstəyini nümayiş etdirir. İsrail-Fələstin məsələsində də ədalətli mövqe nümayiş etdirən tərəflərdən biri Azərbaycan oldu. Baxmayaraq ki, İsrailin Azərbaycanla münasibətləri çox yüksək səviyyədədir, İsrail Azərbaycanın haqlı mövqeyini müdafiə edib, Azərbaycan İsrail-Fələstin məsələsinə BMT-nin, beynəlxalq hüququn mövqeyindən yanaşır. İsrail və Fələstin dövlətlərinin ayrı-ayrılıqda mövcudluğu prinsipini Azərbaycan dilə gətirib. Ola bilər bu mövqe kiminsə xoşuna gəlməsin, amma o mövqe beynəlxalq hüquqa əsaslanırsa, ədalətlidir. O ki qaldı İranın mövqeyinə, İran bir tərəfdən İsraillə əməkdaşlıq edən müsəlman dövlətlərini qınayır, bəzən hətta hədələyir, o biri tərəfdən özü zaman-zaman müsəlman dövlətlərinə qarşı ədalətsizliklərə göz yumur, ədalətsizlik edən, düşmənçilik eləyən dövlətləri müxtəlif formada dəstəkləyir. Azərbaycana qarşı işğalçılıq edən Ermənistanla İranın daim sıx əlaqələrdə olması bunun sübutlarından biridir. İslam dünyasının qoruyucu mələyi kimi çıxış etmək istəyən dövlət Ermənistanla münasibətləri çoxdan kəsməli idi. Lakin İran heç vaxt bunu etməyib. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 67 məsciddən 65-ni darmadağın edib, yandırıb. İran o zaman öz mövqeyini ortaya qoymalı idi. Ancaq İran bu vandalizmə, bu islam düşmənçiliyinə laqeyd yanaşırdı və hətta bunu edən tərəfə nəfəslik rolunu üzərinə götürmüşdü. Tehran daim bu cür davranışı dövlətin milli maraqları ilə əlaqələndirib. Onda qəbul etməlidirlər ki, Azərbaycan və digər müsəlman dövlətləri də öz milli maraqlarına görə İsraillə əlaqələr qururlar”. 

X.Bəşirov vurğuladı ki, 1 ili tamam olan və bütün sübutlar ortada olan Azərbaycan səfirliyinə terror aktının həyata keçirən cinayətkara layiq olduğu cəza verilmir, istitaqın yekunlaşdırılması təmin edilmir, məhkəmə hökmü gecikdirilir: “Azərbaycan bir ildir Tehrandan bu məsələdə ədalətli addım gözləyir. Lakin bu addım atılmır. Bu isə istər-istəməz şübhələrə yol açır ki, İran Azərbaycan səfirliyinə terror aktı cinayətinin üstünün tam olaraq açılmasında maraqlı deyil: ”Bu cinayətin təşkilatçıları sırasında dövlətin hansısa qurumları iştirakçı olmayıbsa, Tehran bu cinayət işinin Azərbaycan tərəfinin də birbaşa iştirakı ilə araşdırılmasını təmin etməli və ədalətli məhkəmə hökmü indiyə qədər çıxarılmalı idi. Artıq 1 ildir Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini məlum hadisəyə görə dayandırıb. Tehran səfirliyin açılmasının istədiyini indiyə qədər ən müxtəlif səviyyələrdə bəyan edib. Ancaq nədənsə bunun üçün gərəkən addımı atmır. Terror aktını həyata keçirən şəxslə bağlı hökm çıxarılmır, bu cinayətin bütün iştirakçıları məsuliyyətə cəlb olunmur. Məsələyə ədalətli yanaşılacağı barədə İran dövləti Azərbaycan dövləti qarşısında söz verib. Bunu ötən ilin 5 iyul tarixində İranın xarici işlər nazirinin dilindən eşitmişik. İran həm də sözünün üstündə dayanmalıdır". 

Politoloqun sözlərinə görə, İran artıq özü də görür ki, onun maraqlarına qarşı fəaliyyət göstərən dövlət Azərbaycan deyil, Ermənistandır: “Ermənistan ABŞ hərbçiləri ilə Ermənistan ərazisində hərbi təlimlər keçirir, həmin amerikalı hərbçiləri ərazisində saxlayır, Ermənistan İrana sanksiyalar tətbiq edən Avropa İttifaqına qucaq açıb. İrəvan Avropa İttifaqının mülki missiyası adı altında İranla düşmənçilik edən bir sıra dövlətlərin qüvvələri Ermənistan ərazisinə yerləşdirib. ABŞ-ın dünyada ikinci ən böyük diplomatik korpusu Ermənistanda fəaliyyət göstərir. Bütün bu və digər faktları gözardı edib Azərbaycana qarşı ittihamlar və tələblər səsləndirmək yumşaq desək doğru və məntiqli deyil”. 

Hiç yorum yok:

Yorum Gönder

Pages