Azərbaycanın strateji bölgəsi olan Naxçıvanda baş verən proseslər hər zaman ölkəmizdə və dünyada diqqət mərkəzində olub. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun 30 ilə yaxın bir dövrdə muxtar respublikanı qapalı formada idarə etməsinə baxmayaraq, orada baş verənlər zaman-zaman üzə çıxarılıb və ölkədə ciddi müzakirə mövzusuna çevrilib. Talıbovun istefasından sonra muxtar respublika sakinləri hesab edirdi ki, yəqin, bundan sonra özbaşınalıqlar, qanunsuzluqlar olmayacaq, Naxçıvan bu baxımdan müzakirə mövzusuna çevrilməyəcək. Naxçıvanlılar hardan bilərdi ki, Vasif Talıbovdan sonrakı dönəmdə İsmayıl Əhmədov peyda olacaq, hansısa “fövqəlgücün” himayədarlığı sayəsində xüsusi səlahiyyət verilmiş şəxsə çevriləcək, tikinti sektorunu iflic vəziyyətinə salıb minlərlə muxtar respublika sakinini işsiz qoyacaq. Məramı, məqsədi, fəaliyyət istiqamətləri onu yaradanlardan başqa kimsəyə bəlli olmayan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun qanusuz əməlləri ilə bağlı təəssüf ki, hələ də ciddi ölçü götürülməyib.
“Tikilməkədə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvanda tikintiyə nəzarət adı altında qanunsuz fəaliyyətlə məşğul olur. Əldə etdiyimiz məlumatlar, muxtar respublikada fəaliyyət göstərən iri tikinti şirkətlərinin yaydığı açıqlamalar, cavabsız qalan suallar bizə belə deməyə əsas verir.
Dəfələrlə təkrarladığımız bu suala muxtar respublikanın heç bir dövlət orqanı, rəsmi şəxsi cavab verməyib: “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvanda tikintilərin keyfiyyətinə nəzarət etməyə, tikintiləri dayandırmağa və yoxlamağa səlahiyyəti varmı?”
Ölkəmizdə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi müəyyən edir.
Bu məcəllədə tikintiyə nəzarətin necə həyata keçirilməsi ilə bağlı bağlı maddələr var. Məcəllənin 96-cı maddəsi “Tikintiyə nəzarətin məqsədi və növləri” adlanır. Məcəllədə tikintiyə nəzarətin növləri belə sıralanıb: “Dövlət nəzarəti, texniki nəzarət, müəllif nəzarəti və daxili əməliyyat nəzarəti”.
“Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC özəl qurum olduğundan dövlət nəzarəti həyata keçirə bilməsi mümkünsüzdür. Hərçənd ki, İsmayıl Əhmədov dövlət orqanlarının bu səlahiyyətlərini də qeyri-qanuni şəkildə mənimsəyib.
Deməli, mövcud qanunvericiliyə görə, İsmayıl Əhmədovun rəhbəri olduğu MMC tikintiyə ya texniki nəzarəti, ya da müəllif nəzarətini həyata keçirə bilər.
Məcəlləyə görə, tikintiyə texniki nəzarət sifarişçi tərəfindən təmin edilir və müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən həyata keçirilir.
Tikintiyə müəllif nəzarəti zamanı obyektin tikintisinin təsdiq edilmiş layihəyə uyğun aparılması yoxlanılır. Tikintiyə müəllif nəzarəti sifarişçi ilə layihəçi arasında bağlanmış müqaviləyə uyğun olaraq layihəçi tərəfindən həyata keçirilir.
Göründüyü kimi, texniki nəzarət müvafiq peşə sertifikatına malik şəxslər tərəfindən aparılmalıdır. Bizdə olan məlumata görə, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-də çalışanların peşə sertifikatı yoxdur.
Şəhərsalma və Tikinti Məcəlləsində göstərilir ki, yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.
İsmayıl Əhmədovun rəhbərlik etdiyi şirkət layihəçi olmadığından bu funksiyaları həyata keçirə bilməz. Amma faktlar göstərir ki, onlar qanunsuz şəkildə layihəçinin vəzifələrini icra edirlər. Hətta şirkətin layihələr üzrə texniki-müəllif nəzarətini həyata keçirmə səlahiyyətini rəsmiləşdirən müvafiq lisenziyasının olmamasına baxmayaraq.
Deməli, İsmayıl Əhmədov qanunları kobud şəkildə pozub, kimlərsə də buna göz yumub. Bu məcəlləyə görə, İsmayıl Əhmədovun rəhbərlik etdiyi müəssisə nə texniki nəzarəti, nə də müəllif nəzarətini apara bilər.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı TNS-ə bildirib ki, Azərbaycanda MMC-lərin tikintiyə nəzarət imkanları məhduddur: “Bu, yalnız dövlət tərəfindən həyata keçirilir və qanunla da ayrı-ayrı qurumlara həvalə olunur. Keyfiyyətə nəzarət baxımdan ola bilər ki, hansısa dövlət qurumu bir MMC ilə konsaltinq müqaviləsi bağlayıb və həmin müqaviləyə uyğun olaraq, MMC qeyd olunan müəssisədə keyfiyyətin təmin olunmasını həyata keçirir. Amma bu, məhsul istehsalına, tikinti prosesinə ciddi şəkildə bağlı olan bir məsələ deyil. Daha çox sənədləşmə məsələlərinə bağlıdır".
Ekspert deyib ki, tikintiyə nəzarət Fövqaladə Hallar Nazirliyinin tikintiyə nəzarət qurumu tərəfindən həyata keçirilir: “Lisenziyalaşdırılmış fəaliyyət sahəsinin hər hansı bir təşkilat tərəfindən mənimsənilməsi qanunvericiliklə məsuliyyət yaradır və belə bir hal aşkar olunarsa, qeyd olunan tərəf məsuliyyət dərəcəsindən asılı olaraq məsuliyyətə cəlb olunur”.
İsmayıl Əhmədov səlahiyyət həddini aşaraq, muxtar rerspublikada bir sıra tikintiləri dayandırıb, bəzi tikililərin isə sökülməsinə qərar verib. Beləliklə, dövlət büdcəsinə külli miqdarda ziyan vurub. İddia olunur ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi İsmayıl Əhmədovun tapşırığı və bilavasitə iştirakı ilə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan futbol stadionu sökülüb. Həmin futbol stadionunun tikintisinə 631 min 766 manat vəsait xərclənmişdi. Stadionun sifarişçisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, podratçısı isə “Nəqşicahan İnşaaat” MMC olub. İsmayıl Əhmədov isə bura heç bir aidiyyətinin olmamasına baxmayaraq, Naxçıvanda ona verilmiş xüsusi səlahiyyətdən istifadə edərək futbol stadionunu sökdürüb. Beləliklə, Azərbaycan dövlətinin 600 min manatdan çox vəsaiti havaya sovrulub.
“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyətinin rəhbəri İsmayıl Əhmədovun himayədarlarına arxalanaraq tikinti şirkətlərini onun MMC-si ilə qanunsuz müqavilələr bağlamağa məcbur etdiyi ilə bağlı ciddi iddialar da var.
Arkoz İnşaat Şirkətinin bu günlərdə mediaya açıqlamasında belə bir iddia gündəmə gətirilib. Şirkətin iddiasına görə, “Tivi-SES” layihəsinə nəzarət etməyi müqabiləndə “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri İsmayıl Əhmədov sifarişçi ilə yox, məhz Arkoz İnşaat Şirkəti ilə 700 min manatlıq müqavilə bağlamağı tələb edib. Halbuki, İsmayıl Əhmədovun rəhbərlik etdiyi müəssisə qanuni sənədləri olduğu təqdirdə, yalnız sifarişçi ilə müqavilə bağlaya bilər. Bu, artıq bir sahibkarın başqa bir sahibkardan qanunsuz tələbidir. Bununla razılaşmayan Arkoz İnşaat Şirkətinin təsisçisi ciddi basqılara məruz qalıb, İsmayıl Əhmədov tərəfindən media üzərindən təhdid və şantaj olunub.
Naxçıvanda fəaliyyət göstərən tikinti şirkətləri ilə “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC arasında bağlanmış müqavilələrin bir neçəsini əldə etmişik. Kommersiya sirri olduğundan həmin müqavilələri yayımlaya bilmirik. Mövcud qanunvericiliyə zidd şəkildə bağlanan müqavilələrdə göstərilənlərlə bu MMC-nin hazırki fəaliyyəti tamamilə ziddiyyət təşkil edir. Bu faktlar onu göstərir ki, bu müqavilələr formal olaraq bağlanıb, tikinti şirkətlərindən “atkat” almağı “rəsmiləşdirmək” məqsədi daşıyır.
Bütün bunlar isə məsuliyyəti yaradır.
Təəssüf ki, mediada belə ciddi iddiaların gündəmə gətirilməsinə baxmayaraq, muxtar respublikanın hüquq-mühafizə orqanları hərəkətsiz qalıb. Bu iddialar mütləq araşdırılmalı, qanunsuzluq edən şəxslər cəzalandırılmalıdır. Biz Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevi ədalətli, vicdanlı, qanunların aliliyini qoruyan prokuror kimi tanıyırıq. Muxtar respublika prokurorunun hələ də bu məsələyə reaksiya verməməsi açığı bizi xeyli təəccübləndirib. İnanırıq ki, hörmətli Sənan Paşayev Naxçıvanda baş verən bu qanunsuzluqları ciddi şəkildə araşdıracaq, Azərbaycan qanunlarını heçə sayanlar barəsində qanuni tədbir görəcəkdir.
Bu məsələ Naxçıvan ictimaiyyəti üçün bir barometr rolunu oynayacaq. Muxtar respublika sakinləri Naxçıvanda qanunların işlədiyinə bu qanunsuzluqları edənlər cəzalandırıldıqdan sonra tam əmin olacaqlar.
Hiç yorum yok:
Yorum Gönder