Filmdə Qurd Cəbrayıl obrazını canlandıran mərhum aktyorumuz Yusif Vəliyevlə eyni küçədə yaşamışıq. Biz həm də dost idik. Bir gün Yusif mənə dedi ki, Cəbrayıl haqqında film çəkilir, mənə Qurd Cəbrayılın obrazını yaratmağı tapşırıblar. Sənin atan 40 ilə yaxın həbsxana həyatı yaşayıb. İstəyirəm bir müddət atanın yanında gəzim. Onun hərəkətlərini, davranışlarını, danışıqlarını, jestlərini öyrənim. Aktyor Yusif Vəliyev 1-2 ay atamın yanında gəzib dolandı. Onun davranışlarını, oturuşunu, duruşunu, hətta nərd oynamasını belə, öyrəndi. "Arxadan vurulan zərbə" filmi efirə çıxanda atam artıq rəhmətə getmişdi. O, 1976-cı ilin 9 mayında dünyasını dəyişdi. Filmin çəkilişləri isə 1977-ci ildə başa çatdı. Yusif Vəliyev atamın obrazını necə canlandırmışdısa, hər kəs mənə deyirdi ki, axşam televizorda sənin atanı gördük. Aktyor bu rolun öhdəsindən çox uğurla gəldi. Hər dəfə "Arxadan vurulan zərbə" filminə baxanda elə bil atamı görürəm. Fərq yalnız bu idi ki, filmdəki Qurd mahir ustalıqla bıçaq atır. Halbuki atam tapançadan sərrast atəş açırdı.
"Qurd Cəbrayıl"ın oğlu Xoşqədəm Cəbrayıloğlunun xatirələrindən.
Qeyd edim ki, üst-üstə 70 ildən çox həbs cəzası alan Cəbrayıl Əlibaxış oğlu – Qurd Cəbrayıl ömrünün 36 ilini həbsdə keçirib. 4 dəfə həbsxanadan, hətta 1 dəfə məhkəmə zalından qaçıb.
Hiç yorum yok:
Yorum Gönder