Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.
Bakmiltv.info xatırladır ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub.
13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını üç aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general-mayoru rütbəsi verilib.
O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.
Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liyepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə, üç Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, iki Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.1969-cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb, şəhərin mərkəzində onun böyük heykəli ucalır. Bakının küçələrindən və metro stansiyalarından biri Həzi Aslanovun adını daşıyır.
Hiç yorum yok:
Yorum Gönder