Zəfər Tarixmizin Yaradıcısı-Müzəffər Ali Baş Komndanı





24 dekabr  Azərbaycan Respublikasının  Prezidenti,Silahlı Qüvvələrin Ali  Baş Komandanı İlham  Əliyevin  doğum

günüdür .


    

    Polkovnik Salman   Calal oğlu  Musayev



Azərbaycan Vət

 tən Müharibəsi  Veteranları İcti İmai        Birliyi  Sədrinin  hüqu qi  məsələlər üzrə müavini 

03-10-2023 09:0

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 

Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində yer alan bu müdrik fikirlər xalqımızın taleyüklü seçimini müəyyən etməklə yanaşı, ölkəmizin iyirmi ildir davam etməkdə olan möhtəşəm inkişafının ideya əsaslarından biri olmuşdur. Sözügedən seçkilərdən ötən 20 ilin yüksəkliyindən keçdiyimiz yola baxarkən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi qələbələrindən və misilsiz inkişaf uğurlarından böyük qürur və iftixar hissləri yaşamaya bilmirsən.
Dövlətimizin artmaqda davam edən qüdrəti, ölkəmizin dəyişən siması, Qarabağı azadlığa qovuşduran əzəmətli zəfər, Azərbaycanın və bölgənin həyatında baş verməkdə olan dərin proseslər Prezident İlham Əliyevin müstəsna uğurla həyata keçirdiyi tarixi missiyasının birbaşa təsdiqidir. Bu missiya həm Azərbaycanın müasir şərəfli tarixində ifadə olunur, həm də onun daha parlaq gələcəyinin etibarlı qarant rolunu oynayır.

 

XXI əsrin Azərbaycan möcüzəsi

 

Prezident İlham Əliyevin liderliyinin geniş miqyasları və dəqiq hədəfləri özünün aydın və hərtərəfli ifadəsini onun 2003-cü ildə Azərbaycan xalqına təqdim etdiyi seçki proqramında tapmışdır. "Böyük işlər görmək üçün böyük hədəflər seçməliyik" mesajı Azərbaycanın yeni və gənc liderinin fəaliyyətinin həm xarakterini, həm də miqyaslarını dərk etmək üçün aydın təsəvvür yaradır. Beş ildə 600 min yeni iş yerinin açılması, ozamankı reallığımızın acı mənzərəsi olan çadır şəhərciklərinin aradan qaldırılması kimi hədəfləri özündə əks etdirən seçki proqramını İlham Əliyevin inkişaf və müasirləşmənin həqiqi parametrlərinə dair baxışlarının Azərbaycan cəmiyyətinə təqdimatı adlandırmaq olar. 
Qarşısında Qarabağı işğaldan azad etmək kimi asan olmayan vəzifə dayanan dövlətin seçə biləcəyi yeganə düzgün strategiyanın iqtisadiyyatın sürətli inkişafından, cəmiyyətin bütünlüklə modernləşməsindən, milli birliyin və həmrəyliyin gücləndirilməsindən, ölkənin beynəlxalq imicinin yüksəldilməsindən ibarət olduğunu İlham Əliyev özünəməxsus müdriklik və intuisiya ilə aydın şəkildə dərk edirdi. Bu nəhəng sosial və iqtisadi layihənin uğurla reallaşdırılmasının maliyyə əsası rolunda isə, heç şübhəsiz, əsrin neft müqaviləsinin iqtisadi dividendlərinin ölkəyə daxil olmağa başlaması nəzərdən keçirilirdi.

Düzgün strategiya, güclü iradə, qətiyyət və çeviklik öz bəhrəsini verməyə bilməzdi. Qısa vaxtda Azərbaycan vətəndaşları ölkədə köklü dəyişiklikləri nəinki hiss etməyə başladı, habelə onun gələcək konturlarını qiymətləndirmək imkanı qazandı. Nəticənin onun haqqında təsəvvürlərdən daha əzəmətli olması İlham Əliyevin prezidentliyinin birinci on ilinin ümumi səciyyəsi kimi dəyərləndirməlidir. İqtisadiyyatın 3 dəfədən çox artması, bir neçə il ərzində Azərbaycanın dünyanın ən dinamik iqtisadi artıma malik olan ölkəsi statusunu qazanması son onilliklərin ən əlamətdar beynəlxalq iqtisadi hadisələrindən hesab olunur və XXI əsrin Azərbaycan möcüzəsinin başlıca əlamətini özündə əks etdirir.
Həyata keçirilən dərin islahatlar sayəsində yoxsulluq səviyyəsinin 45 faizdən təxminən 5 faizə endirilməsi ölkə daxilində ictimai həmrəyliyin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda isə onun reytinqinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına əsas yaratdı. Azərbaycanda baş verən müsbət dəyişikliklərin geniş beynəlxalq rezonans yaratması aydın şəkildə hiss olunur, bu isə öz növbəsində milli yüksəlişin stimulverici amili rolunu oynayırdı. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması, 2003-cü il seçki kampaniyası çərçivəsində bəyan edilən 5 ildə 600 min yeni iş yeri yaradılması vədinin həyata keçirilməsinin yekunu olaraq 10 ildə təxminən 2 milyon iş yerinin açılması, çadır şəhərciklərinin ləğv edilməsi Azərbaycan möcüzəsinin digər əlaməti sayılmağa tam iddialı ola bilər. 
İlham Əliyevin prezidentliyinin ilk illərindən etibarən Azərbaycanda müşahidə olunan köklü dəyişikliklərin siyahısı yuxarıda sadalananlarla bitmir. Ölkəmizin inkişafının yeni dövrünü səciyyələndirən fundamental yeniliklərin sırasında onun müasirləşməsi, genişmiqyaslı infrastruktur layihələri sayəsində Bakının və digər şəhər və yaşayış məskənlərinin simasının tanınmaz dərəcədə dəyişdirilməsi və müasirləşdirilməsi xüsusi yer tutur. Şəhərlərimizin simasının yeniləşdirilməsinin sadəcə gözəllik xatirinə deyil, əsasən, insanlara daha rahat və layiqli şərait yaratmaq məqsədilə həyata keçirildiyi və inkişafın vacib parametri rolunu oynadığı ayrıca etiraf olunmalıdır. Bu baxımdan haqqında söz açdığımız müasirləşmə və yeniləşmə strategiyası Azərbaycan möcüzəsinin daha bir əlaməti qismində nəzərdən keçirilməlidir. 
Ölkəmizin həyatında baş verən və Azərbaycan möcüzəsini özündə ehtiva edən tarixi inkişaf prosesləri Prezident İlham Əliyevin milli liderlik missiyası haqqında təsəvvürlərin ölkə hüdudlarını aşması ilə müşayiət olunurdu. Onun müasir dünyanın çox uğurla, ən sürətlə inkişaf edən, yeniləşən ölkəsinin prezidenti olaraq qəbul edilməsi, böyük siyasi nüfuz sahibi sayılması milli qürur mənbəyimizin ən dərin əsaslarından birini təşkil edir. Düşünürəm ki, Azərbaycanın liderinin kifayət qədər yüksək beynəlxalq nüfuzu ölkənin qarşısında dayanan problemlərin uğurla həlli kontekstində dəyərləndirilməli olan ciddi siyasi kapital adlandırılmağa layiqdir. Azərbaycanın qarşılaşdığı bütün vəzifələri uğurla həll etməyə qüdrəti çatan ölkə statusu səviyyəsinə yüksəldiyinə inananların sayının nəinki daxildə, hətta regionda və beynəlxalq aləmdə durmadan artmasının səbəbləri ilk növbədə dediyimiz reallıqla əlaqədardır. Vurğulamağa dəyər ki, Azərbaycana və onun liderinə inamın davamlı olaraq yüksəlməsi ölkənin özünüifadənin yeni mərhələsinə keçməyə, yeni möcüzənin yaradılmasına hazır olduğundan xəbər verirdi. Bu möcüzə də özünü çox gözlətmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində müasir dünyanın ən uzunsürən və mürəkkəb münaqişələrindən sayılan Ermənistan-Azərbaycan münaqişəsinin sona çatdırılması, Qarabağın 30 illik işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi XXI əsrin Azərbaycan möcüzəsinin növbəti, həm də ən möhtəşəm təzahürü hesab olunur.

 

Hücumçu diplomatiya və onun uğurları

 

Azərbaycan Respublikasının xarici siyasət sahəsində fəaliyyətinin başlıca qayəsinin müstəsna olaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsinə uyğunlaşdırılması ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ərazilərinin təxminən 20 faizi işğal altında olan dövlətin xarici siyasətinin fərqli modelini təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyevin rəhbərliyi dövründə sözügedən ənənə nəinki davam etdirildi, habelə yeni şəraitə və imkanlara uyğun olaraq daha da təkmilləşdirildi, səmərəsinin artırılması naminə müasir yanaşmalar tətbiq edildi. Hücumçu diplomatiya konsepsiyasının formalaşdırılması Qarabağın işğaldan azad edilməsinə yönəldilmiş milli fəaliyyət siyasətinin uğur qazanmasına daha ciddi beynəlxalq dəstəyin təmin edilməsi kimi çətin, lakin faydalı və gərəkli vəzifənin reallaşdırılması məqsədi güdürdü.
Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar həqiqətlərin dünyaya daha inandırıcı şəkildə çatdırılması, işğalçının və onun havadarlarının yalanlarının qətiyyətlə ifşa edilməsi, Azərbaycanın ərazilərinin işğalının və onun acı nəticələrinin əyani şəkildə beynəlxalq təşkilatlar tərəfindən dərk edilməsinə nail olunması, lazım gələcəyi halda ərazi bütövlüyünün güc vasitəsilə bərpa edilməsi variantının qaçılmaz zərurətdən irəli gəldiyinə beynəlxalq icmanın hazırlanması hücumçu diplomatiyanın qarşısında duran vəzifələrin bir qismini təşkil edirdi. Yeni xarici siyasət konsepsiyasının ən böyük dividendi və praktik nəticəsi özünün qabarıq ifadəsini 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin və ümumilikdə ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair aparıcı dövlətlərin və beynəlxalq təşkilatların birmənalı bəyanatlarında tapır. Bu mənada Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və Cənubi Qafqazda meydana gəlmiş yeni hərbi-siyasi reallıqlar İlham Əliyevin hücumçu diplomatiya konsepsiyasının təsir gücünü sübuta yetirən fundamental amillər sayılmalıdır. 
Etiraf edilməli digər həqiqət Prezident İlham Əliyevin hücumçu diplomatiya strategiyasının postmüharibə reallıqları şəraitində Azərbaycanın dövlət maraqlarının keşiyində layiqincə dayana bilməsindədir. Dövlətimizin sülhsevər mahiyyətinin bütün dünyaya bir daha çatdırılması, Ermənistanın və onun havadarlarının revanşist hərəkətlərinin ifşa edilməsi, Qarabağda quruculuq işlərinin aparılması üçün əlverişli beynəlxalq şəraitin yaradılması indiki halda xarici siyasətin başlıca hədəfləridir. Laçın yolu üzərində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması, Qarabağda antiterror tədbirləri nəticəsində qeyri-qanuni silahlı dəstələrin tərk-silah edilməsi, Zəngəzur koridorunun açılması sahəsində fəal danışıqların aparılması da Prezident İlham Əliyevin hücumçu diplomatiyasının digər böyük tarixi qələbələri hesab olunacaq dərəcədə əhəmiyyət kəsb edir. 
Qarabağ probleminin uğurlu həlli üçün əlverişli beynəlxalq fonun yaradılması hücumçu diplomatiya strategiyasının başlıca hədəfi olsa da, onun yeganə məqsədi deyildir. Gənc Azərbaycan dövlətinin dünya birliyində maraqlarının ləyaqətlə ifadə olunması, ölkənin inkişafı naminə geniş beynəlxalq əlaqələrin qurulması, onun diplomatik resurslarının artırılması sözügedən strategiyanın digər vəzifələri sırasına daxildir. SSRİ-nin süqutu və məlum geopolitik dəyişikliklər nəticəsində ötən əsrin 90-cı illərində yaranan gənc dövlətlər içərisində ilk olaraq Azərbaycanın 2012-ci ildə dünyanın ən mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Prezident İlham Əliyevin hücumçu diplomatiyasının möhtəşəm qələbəsi sayılmağa tam layiqdir. Bu nəinki gənc Azərbaycanın iqtisadi, sosial, siyasi və diplomatik uğurlarının, habelə nüfuzunun ən yüksək beynəlxalq səviyyədə etirafını ifadə edir, habelə İlham Əliyevin dünya birliyində yüksək statusunun qəbul edilməsi nümunəsi hesab olunur. 
İlham Əliyevin və onun rəhbərlik etdiyi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun digər parlaq ifadəsi ölkəmizin dünyanın BMT-dən sonra ən çoxsaylı beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına iki dəfə dalbadal sədrlik etməsində özünü büruzə verir. Onu da ayrıca olaraq vurğulamaqda fayda var ki, Azərbaycanın bu mötəbər təşkilata sədrlik etməsi onun fəaliyyətinin əhəmiyyətli dərəcədə canlanması, dünyanın aktual problem və çağırışlarına zamanında və adekvat reaksiya verə bilməsi ilə yadda qalacaqdır. 
Dünyada Azərbaycanın dostlarının çoxalması Prezident İlham Əliyevin hücumçu diplomatiya konsepsiyasının qeyd edilməli digər hədəfi sayıla bilər. Ölkəmizin istər regionda və onun yaxın ətrafında, istərsə də beynəlxalq miqyasda apardığı fəal siyasəti, qarşılıqlı faydalı ikitərəfli əlaqələr qurmaq bacarığı, Prezident İlham Əliyevin yüksək siyasi fəallığı və şəxsi əlaqələri birmənalı şəkildə dəstəklənir və Azərbaycanın dostlarının sırasını əhəmiyyətli dərəcədə genişləndirir. Bu isə öz növbəsində dövlətimizin milli maraqlarının daha yaxşı qorunmasına, iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə, çoxşaxəli vəzifələrinin uğurla həyata keçirilməsinə əlavə etibarlı beynəlxalq dəstəyi təmin edir.

 

Azərbaycanın dünyaya yeni təqdimatı

 

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi liderlik missiyasının diqqətəlayiq aspektləri sırasında Azərbaycanın dünyaya təqdimatı əhəmiyyətli yer tutmaqdadır. Son 20 ilin möhtəşəm inkişafını dəyərləndirərkən ölkəmizin əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, onun beynəlxalq icmaya uğurlu təqdimatını ayrıca qeyd etmək yerinə düşərdi. Bunun yeganə mənasının uğurlu təbliğatdan ibarət olduğunu düşünmək düzgün deyildi. Azərbaycanın dünyaya tanıdılmasının arxasında dayanan əsl həqiqətin ölkənin inkişafı naminə beynəlxalq dəstəyin qazanılması olduğu etiraf edilməyə bilməz. Ölkənin beynəlxalq reytinqinin milli hədəflərə çatmağın əhəmiyyətli resursu olması müasir şəraitdə heç kimə sirr deyil. Ayrı-ayrı ölkələrin milli inkişafın təsirli resursu kimi özünün beynəlxalq icmaya uğurlu təqdimatına böyük diqqət ayırması dünyada müşahidə olunan aktual gerçəklikdir. 
Yeni tipli lider İlham Əliyevin Azərbaycanın beynəlxalq imicinin formalaşmasına xüsusi həssaslıqla yanaşması onun liderlik stilinin və inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsi qismində nəzərdən keçirilməlidir. Ölkənin dinamik sosial-iqtisadi inkişafı ilə yanaşı, onun nəticələrinin uğurlu beynəlxalq təqdimatı gənc müstəqil dövlətin müasir demokratik, tolerant və modern cəmiyyət imicinin formalaşmasında müstəsna rol oynamaqdadır. Azərbaycanın sürətli iqtisadi yüksəlişi, yoxsulluğun kəskin surətdə azaldılması, regional və beynəlxalq enerji layihələrinin uğurla həyata keçirilməsinə töhfələri sayəsində formalaşan beynəlxalq reytinqinin yaxşılaşdırılmasında uğurlarımızın dünyaya gözəl təqdimatından daha təsirli vasitə təsəvvür etmək çətindir. Avropanın ən mötəbər mahnı müsabiqəsinə yenicə qoşulmuş Azərbaycanın həmin müsabiqənin qalibi olması və növbəti müsabiqəni Bakıda keçirmək hüququnu qazanması yuxarıda qeyd olunan fikrin ən bariz təsdiqi sayılmağa layiqdir. 
2012-ci ilin "Avroviziya" Mahnı Müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi, heç şübhəsiz, Azərbaycanın müasir mədəni tarixinin ən əlamətdar hadisəsi, ölkəmizin bütün dünyaya təqdimatının gözəl nümunəsi olaraq yaddaşlara həkk olundu. Bakıya gələn çoxsaylı mahnı fanatlarında yeniləşən şəhərin müasir mənzərəsinin yaratdığı vurğunluq özlüyündə uğurlu təbliğat kampaniyası missiyasını yerinə yetirdi. Bu fikirlər eyni dərəcədə Azərbaycanda böyük coşqu ilə keçirilən Birinci Avropa İdman oyunlarına, dünyanın ən çox izlənilən idman oyunlarından sayılan "Formula-1" yarışlarına şamil oluna bilər. Qeyd olunanlarla yanaşı, Azərbaycanda son 10-15 il ərzində keçirilən çoxsaylı mötəbər beynəlxalq mədəni-idman tədbirləri ölkəmizin milli dəyərlərinin, yüksəlməkdə olan iqtisadiyyatının, dinc, sülhsevər həyatının, vətəndaş həmrəyliyinin, qonaqpərvərliyinin dünyaya təqdimatının inandırıcı nümunələridir. 
Prezident İlham Əliyevin uğurlu xarici siyasətində Azərbaycana tarixən xas olan tolerantlıq və multikulturalizmin təbliğinə xüsusi yer verməsi ayrıca qeyd olunmalıdır. Onun təşəbbüsü və göstərişləri sayəsində Azərbaycanın bütün dünyada multikulturalizmin tanınmış mərkəzinə çevrilməsi, Bakının dünya dini liderlərinin bir neçə sammitinə evsahibliyi etməsi ölkəmizin müasir beynəlxalq imicinin özünütəsdiqinin əlamətdar göstəricisidir.  
Azərbaycanın  uğurlu beynəlxalq təbliğatının ən başlıca təşəbbüskarının və iştirakçısının Prezident İlham Əliyevin şəxsində özünü büruzə verdiyi hamılıqla etiraf olunur. O, çox müxtəlif beynəlxalq siyasi, iqtisadi və geopolitik konfrans və müzakirələrdə yaxından və yüksək fəallıq şəraitində iştirak etməklə öz intellekti, siyasi hazırlığı və qətiyyəti ilə dəfələrlə ölkəmizin ən gözəl təqdimatı nümunələrini nümayiş etdirmişdir. İlham Əliyevin müasir dünyanın ən mötəbər beynəlxalq meydançaları statusu qazanmış Davos Ümumdünya İqtisadi Forumunun, Münhen Təhlükəsizlik Konfransının, digər yüksək beynəlxalq konfransların ən arzuolunan iştirakçısı kimi qəbul edilməsi həm beynəlxalq gerçəklik, həm də milli qürur mənbəyi kimi diqqəti cəlb edir.
Ölkəmizin dünyaya uğurlu təqdimatında Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu və xidmətləri həm daxildə, həm də bütün dünyada xüsusi minnətdarlıq hissləri ilə qeyd olunur. Mehriban xanım Əliyevanın xoşməramlı səfir statusunda fəaliyyəti, ayrı-ayrı ölkələrdə çoxsaylı xeyiryyə aksiyaları, Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından kənarda yayılmasına göstərdiyi diqqət və qayğısı Azərbaycanın müasir imicinin formalaşmasının misilsiz nümunələri sayıla bilər. 

 

Zəfər salnaməsi. Tam və qəti qələbə 

 

Prezident İlham Əliyevin özünün möhtəşəm liderlik missiyasının əsas hədəfinin, başlıca mənasının Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən, işğal altında olan Qarabağın azadlığa qovuşdurulmasından ibarət olduğunu aydın şəkildə dərk etdiyini, bütün enerjisini və imkanlarını bu çətin, lakin həyatı əhəmiyyət kəsb edən milli məsələnin həlli üzərində fokusladığını sübut etməyə ehtiyac olmadığını düşünürəm. Müsahibələrindən birində qeyd etdiyi kimi, Qarabağın azad edilməsi onun siyasi fəaliyyətinin başlıca hədəfi, həyatının böyük mənası deməkdir. Təsadüfi deyildir ki, prezidentin ölkənin inkişafına və qüdrətinin artırılmasına yönəlmiş bütün fəaliyyətində Qarabağın azad edilməsi daim qırmızı xətt olaraq aydın şəkildə özünü büruzə vermişdir.
Müdrik insan və uzaqgörən siyasətçi İlham Əliyev düşmənə qalib gəlməyin yeganə sirrinin ondan daha böyük güc toplamaq bacarığında olduğunu gözəl bilirdi. Prezidentlik fəaliyyətinin ilk illərində elan etdiyi "Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən çox olacaqdır" ifadəsi, əslində, onun münaqişənin həllinə rasional yanaşmasının qabarıq göstəricisidir. Azərbaycan Ordusunun gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, hərbçilərin döyüş qabiliyyətinin artırılması, orduda mənəvi-psixoloji mühitin yaxşılaşdırılması gələcək zəfərin təmin edilməsinə doğru aparan yolda həyata keçirilən zəruri tədbirlər, hazırlıq işləri idi. Azərbaycanın təchizat, faktiki hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi baxımından güclü və müasir ordusunun formalaşdırılması İlham Əliyevin müharibə strategiyasının ən parlaq, eyni zamanda uğurlu cəhətini, zəfər salnaməsinin unudulmaz səhifələrini təşkil edir. Bunlarsız cəmi 44 gün ərzində düşmənin 10 illər boyu yaradılmış mühəndis-istehkam qurğularının darmadağın edilməsinin, hərbi yüksəkliklərin ələ keçirilməsinin, erməni işğalçı mifinin yerlə yeksən edilməsinin səbəblərini anlamaq mümkün deyil. Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbi strategiyasının müasir dünya döyüş praktikasının qızıl səhifəsinə layiq görülməsi İlham Əliyevin zəfər salnaməsinin miqyasını və tarixi əhəmiyyətini aydın şəkildə  nümayiş etdirir.
Qloballaşma dövründə hərbi zəfərin müstəsna halda döyüş meydanında qazanılmasının mümkün olmadığı hamılıqla qəbul edilən gerçəklikdir. Bəzi beynəlxalq təşkilatlar və vasitəçilər, bir sıra aparıcı dövlətlər və Ermənistanın havadarlarının tez-tez səsləndirdiyi "Qarabağ münaqişəsinin hərbi yolu yoxdur" xəbərdarlıqlarının arxasında təcavüzkarı gizli şəkildə dəstəkləmək niyyətinin dayandığını İlham Əliyev sezməyə bilməzdi. Güclü ordu yaradaraq Ermənistandan bir neçə qat hərbi üstünlüyün təmin edilməsinin ardınca gündəlikdə qısamüddətli hərbi əməliyyat keçirməyin beynəlxalq şərait baxımından ən əlverişli zamanının seçilməsi dayanırdı. Etiraf edilməlidir ki, İlham Əliyevin hərbi strategiyasının bu bəndi də yüksək səviyyədə reallaşdırıldı: müharibə cəmi 44 gün ərzində başa çatdırıldı, Ermənistanın havadarları təcavüzkara arzuladıqları dəstəyi göstərməyə macal tapa bilmədilər. Azərbaycan isə bir sıra maraqlı regional güclərin neytrallığını, eyni zamanda Türkiyə kimi regional gücün təsirli mənəvi dəstəyini təmin etməyə nail oldu.
Müasir hərb sənətinin ən yeni nümunəsi kimi qəbul edilən Qarabağ müharibəsi Azərbaycanın çoxəsrlik şərəf tarixinin ən parlaq səhifəsini təşkil edir. Prezident İlham Əliyevin Azərbaycan xalqının, ordumuzun və əsgərlərimizin qüdrəti, iradəsi və qəhrəmanlığının təntənəsinə çevrilən möhtəşəm zəfərin baş qəhrəmanı və müəllifi olması danılmaz tarixi gerçəklik və misilsiz milli qürur mənbəyidir.
Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edən İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə Prezident İlham Əliyevin liderlik missiyasının ən parlaq ifadəsi, təzahürü və özünütəsdiqi sayılır. Bir neçə gün əvvəl Qarabağda uğurla həyata keçirilən antiterror tədbirləri sayəsində qanunsuz erməni silahlı dəstələrinin darmadağın edilməsinin, qondarma "Dağlıq Qarabağ Respublikasının" özünü buraxmasının İlham Əliyevin liderliyinin, diplomatiyasının və dövlətçilik dühasının nəhəng qələbəsi kimi şərəf tariximizin növbəti səhifəsini təşkil edəcəyinə heç bir şübhə yoxdur. Bu, eyni zamanda müstəqillik məfkurəsinin zəfəri, müstəqil dövlətçilik tariximizin yeni mərhələsi, Azərbaycan torpağında əbədi sülhün və əmin-amanlığın etibarlı qarantı olacaqdır.

 

Böyük gələcək naminə

 

Taleyinə əzəmətli tarixi missiya yazılmış liderlərin fəaliyyətinin nəticəsi xalqın, ölkənin, bəzən böyük bir bölgənin yeni tarixinin yaradılması olur. İndiki nəsillər Azərbaycanın yeni şərəfli tarixinin xoşbəxtliyini yaşamaqdadırlar. Möcüzəni xatırladan qeyri-adi sosial və iqtisadi sıçrayış və möhtəşəm zəfərlər Azərbaycanın şanlı tarixinin ənənələrini canlandıran və yaşadan nəhəng siyasi nailiyyətdir. Bu tarixi nailiyyətin qızıl səhəfəsini, habelə Prezident İlham Əliyevin liderlik missiyasının parlaq təcəssümünü 2020-ci ilin Qarabağ savaşında 30 il erməni işğalı altında qalan torpaqlarımızın geri qaytarılması və qanunsuz "Dağlıq Qarabağ" rejiminə birdəfəlik son qoyulması təşkil edir. Bizi tariximizin unudulmaz dəyərlərinə qovuşduran böyük fəaliyyətin davam etdirilməsi, məntiqi sonluğuna çatdırılması Azərbaycan xalqının həm arzusu, həm də qətiyyətinə, qüdrətinə və uğurlarına dərindən inandığı müzəffər liderindən gözləntisidir. 
Hazırda Azərbaycanın qarşısında Qarabağın azad edilməsindən sonra keçmiş işğal altında olan ərazilərdə terrorçu qruplaşmaların, qanunsuz silahlı dəstələrin və ölkə konstitusiyasına zidd olan qeyri-legitim strukturların qalıqlarının və onların əməllərinin nəticələrinin qətiyyətlə, birdəfəlik və bütünlüklə ləğv edilməsi, bölgədə daimi və davamlı sülhün möhkəm təməlinin yaradılması kimi mühüm vəzifələr dayanır. Son günlərdə uğurla həyata keçirilən antiterror tədbirlərinin tariximizin yeni mərhələsinə vəsilə olacağı heç kimdə şübhə doğurmur. Azərbaycan dövləti, cəmiyyəti və xalqı milli maraqlarından irəli gələn istənilən məsələnin həllinə nail olmaq qüdrətini dəfələrlə sübuta yetirib və bu qətiyyətini yenidən təkrar etməyə tam hazırdır. 
Həqiqət bundan ibarətdir ki, Prezident İlham Əliyev öz tarixi liderlik missiyasının daha böyük hədəflərlə xarakterizə olduğunu aydın şəkildə dərk edir və inamla həmin hədəflərə doğru irəliləyir. Ötən əsrin 90-cı illərində itirilmiş torpaqların və siyasi mövqelərin geri qaytarılması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi onun böyük tarixi missiyasının bir hissəsi kimi qiymətləndirilə bilər və düşünürəm ki, müasir ictimai rəy məhz bu əhvali-ruhiyyə üzərində qərarlaşıb.
Xalqın, tarixin və ölkənin liderindən gözlədiyi böyük gələcəyin əsas konturları Azərbaycanın tarixi həqiqətinin və şöhrətinin yaşamaq hüququnun və imkanlarının bərpa edilməsində ifadə olunmaqdadır. Milli maraqlarımızın layiqincə qorunmasından tutmuş ölkənin gələcək inkişafının və firavanlığının ən etibarlı, bəlkə də yeganə yolunun bundan ibarət olduğu ictimai düşüncənin qəbul etdiyi və dəstəklədiyi həyat məntiqi sayıla bilər. Yaşadığımız milli dirçəliş məfkurəsi, dövlətin gündən-günə artan qüdrəti və xalqla liderin sarsılmaz birliyi yeni tarixi sıçrayışı mümkünləşdirən başlıca amillərin bir hissəsidir. 
İlham Əliyevin liderliyi altında Azərbaycanın dünya birliyinin fəal üzvü kimi tanınması, bir sıra beynəlxalq layihələrin və təşəbbüslərin müəllifi rolunda çıxış etməsi milli inkişafın növbəti mərhələsinə keçməyə əsas yaradan əlverişli beynəlxalq şərtlərdir. Azərbaycanın Prezident İlham Əliyevin yaxından iştirakı sayəsində siyasi nüfuzu yüksələn türk və islam dünyasının önəmli dövlətlərindən birinə çevrilməsi də diqqətdən qaçırılmamalıdır. Onun geniş fəaliyyəti nəticəsində islam birliyi və həmrəyliyi dünyanın artan reallığı sayılmaqdadır. Qarabağın azad edilməsinin və keçmiş işğal altında olan ərazilərin terrorçu silahlı qruplaşmalardan təmizlənməsi tədbirlərinin qardaş Türkiyə və bütünlüklə islam dünyası tərəfindən qətiyyətlə dəstəklənməsi haqqında söhbət açdığımız gerçəkliklərin bariz ifadələridir. 
Tarix və tale Prezident İlham Əliyevə şərəfli missiya nəsib edib. 2003-cü ildən bu günədək bu missiyadan irəli gələn ayrı-ayrı vəzifələrin uğurla həyata keçirilməsinə bütün dünya şəhadət etməkdədir. Azərbaycan güclü, qüdrətli və firavan müstəqil dövlət kimi özünü qətiyyətlə təsdiqləyib. 
Qarabağ azad olunub və terrorçu silahlı qruplaşmaların qalıqlarından birdəfəlik təmizlənib. Xalqımızın şərəf tarixinin yeni səhifələrinin yazılması İlham Əliyevin nəhəng xidmətləri sayəsində zamanın sifarişinə və ölkənin böyük şansına çevrilib. 


Möhtərəm Prezidentimizi      24 dekabr doğum günü münasibətilə səmimi qəlbdə  təbrik edirəm , ona  uzun       ömür, cansağlığı  diləyirəm, qüdrətli çiyinləri üzər inə götürdüyü böyük tarixi   missiyasında yeni əzəmətli qələbə lər arzulayıram. 


Hiç yorum yok:

Yorum Gönder

Pages