Ələsgər Məmmədtağı oğlu Şərifov Şamaxıda anadan olub. Altı yaşı olanda ailəsi Bakıya köçüb. Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik Teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib, Moskva Dövlət Teatr Sənəti İnstitutunda iki il oxuyub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib. Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Az sonra Azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib. 1932-ci ildə Akademik Teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib. 1934-cü ildə Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci ildə bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin "Qızıl quş" pyesinə, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun "Xanlar" (1940) və Nikolay Poqodinin "Kreml saatı" (1941) əsərlərinə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin "Şeyx Sənan" (1958) faciəsinə quruluş verib. Əməkdar artist (1943), Xalq artisti (1960) Ələsgər Şərifov 1982-ci ildə vəfat edib.
Filmoqrafiya:
Səbuhi (1941, tammetrajlı bədii film) – aktyor (Mirzə Şəfi)
Hiç yorum yok:
Yorum Gönder