Azərbaycan dövlət müstəqilliyinin bərpasından 32 il ötür.





Bu il Müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 32 illiyini qeyd edir. 




Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik

Salman Musayev


 

XX əsrin əvvəllərində Azərbaycan xalqına çoxəsrlik müstəmləkə buxovundan qurtulmaq, azad yaşamaq və müstəqil dövlət quruculuğuna nail olmaq şansı nəsib olub. 
Münaqişələr və mübarizələrlə dolu bu yolda, nəhayət, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı və Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. 
Təəssüf ki, uğrunda illərlə mübarizə aparılmış bu müstəqilliyin ömrü cəmi 23 ay  çəkdi. Ölkəmiz 1920-ci il bolşevik ilhaqından 1990-cı illərə kimi sovetlər birliyinin tərkibində oldu. XX əsrin sonlarında bu birliyin dağılması ilə yaranan tarixi şərait nəticəsində xalqımız öz milli müstəqilliyi uğrunda mübarizəyə qalxdı və ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi. 
1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunaraq Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən, xalqımız 1991-ci il oktyabrın 18-də öz tarixi müstəqilliyinə qovuşdu.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni (musiqisi Üzeyir bəy Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqləndi. Dövlət başçısının sərəncamına əsasən, 18 oktyabr 1992-ci il Azərbaycanda bayram günü kimi tarixiləşdi. 
Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Xalqımız 1991-ci ildən sonra ikinci dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan öz müstəqilliyini bərpa etdiyi mərhələdə ölkəmizin qarşısında tarixi vəzifələr dururdu. Təəssüf ki, o dövrdəki iqtidar zamanın tələblərinə cavab verə bilmədi. Bu isə tez-tez hakimiyyət dəyişikliyi ilə müşayiət olunur, torpaqlarımız "böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edilir, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. Mürəkkəb zaman kəsiyində ölkədə xaos, anarxiya hökm sürür, ekstremist meyillər getdikcə güclənirdi. İdarəetmədəki kobud nöqsanlar və hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşdı. Həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq məmnunluq doğuran o idi ki, belə bir gərgin dövrdə onun dünya siyasətçiləri arasında sayılıb-seçilən Heydər Əliyev kimi lideri var idi.
Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin dövləti idarəetmə təcrübəsi və siyasi uzaqgörənliyi sayəsində respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.
Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.
Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu Öndərin uğurlu fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan 2001-ci ildə "Avropa dövlətlərinin ailəsi" sayılan Avropa Şurasına qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci il noyabrın 12-də müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.
Bu il Azərbaycan müstəqilliyinin 32-ci ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.
Bu tarixi gün münasibətilə Ümummilli Lider xalqa müracətlərinin birində demişdir: "Bu gün biz dövlət müstəqilliyimizin ildönümünü qeyd edərkən yaxşı dərk edirik ki, qarşıda çox böyük vəzifələr durur. Ən böyük vəzifə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin, ölkəmizin işğal olunmuş torpaqları azad edilsin, işğal olunmuş torpaqlardan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıtsınlar. Bu yolda aparılan işlər öz səmərəsini verir. Əminəm ki, biz tutduğumuz yolla, bu məsələnin sülhlə həll olunması yolu ilə bundan sonra da gedəcəyik və qarşıda qoyulan məqsədə nail olacağıq. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunacaqdır. Ölkəmizdə demokratik proseslər bundan sonra daha da sürətlə inkişaf etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyət formalaşır, demokratik hüquqi dövlət quruculuğu davam edir və mən əminəm ki, biz gələcəkdə bu sahədə də böyük nailiyyət əldə edəcəyik".
Görünən odur ki, bu gün ölkəmizdə qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
 Bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün tərəqqipərvər dünya ictimaiyyəti təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
2003-cü ildən keçən  iyrimi il ərzində isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayır. Ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilməkdədir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan olan enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilir.
Keçən dövr ərzində ölkəmizin təhlükəsizlik strategiyası lazımi səviyyədə həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycanda inkişafın milli modeli formalaşdırılıb.
Ötən illərə nəzər salanda Azərbaycanın bu gün möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi oluruq. Ən başlıcası, 44 günlük Vətən müharibəsindəki zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Ulu Öndər Heydər Əliyev ideyalarına rəğmən, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Artıq bütün Azərbaycan vətəndaşları, hətta xarici ölkələrdə yaşayan Azərbaycan sevərlər neçə illərdir ki, həsrətində olduğumuz anlara şahidlik edirlər.Bu il sentyabrın 19-20-də  Azərbaycan Silahlı Qüvvələrinin və hüquq mühafizə orqanlarının Qarabağda həyata kecirdiyi lokal xarakterli antiteror tədbirlərdən sonra işğal altında olan şəhər və rayonlar  seperatçılardan  təmizlənib.Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Silahlı Qüvvələrinin şücaəti nəticəsində illərlə erməni işğalı altında olan dədə-baba yurdlarımız azad olunub.Separatçılardan təmizlənmiş  bütün ata-baba torpaqlarmızın hər yerində Azərbaycan Respubilkaslnın Dövlət Bayrağı ucaldlıb.  Üc ildən çoxdur ki, bu ərazilərdə geniş tikinti, bərpa və quruculuq işlərinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, kəndlər, şəhərlər salınır... Bu yurdların sahibləri öz evlərinə qayıtmağa hazırlaşırlar. Tarixi bayramı qürurla qeyd edən  xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.


 

Hiç yorum yok:

Yorum Gönder

Pages