Azərbaycanın ilk dəmir yolu xətti 1880-ci ildə istifadəyə verilib. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başlayıb. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi.
3 il sonra isə Bakı–Yelizavetpol (Gəncə)–Tiflis magistral dəmir yolu işə salınıb. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərilib. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılıb. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkilib.
Azərbaycan Dəmir Yollarının İkinci Dünya müharibəsində də müstəsna xidmətləri olub. Belə ki, 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi. SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, eləcə də qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayıb.
1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. O cümlədən Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 13 oktyabr tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər il məhz oktyabrın 13-ü qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Ulu Öndər gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Ümummilli Liderin hakimiyyəti illərində istehsalatda əsas fəaliyyətlə yanaşı, 14 300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-1987-ci illər ərzində dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilib. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil aldılar.
1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi. 1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları işğal edildi.
Ümumiyyətlə, erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində iqtisadiyyatın digər sahələri kimi respublikanın dəmir yolu təsərrüfatına da külli miqdarda ziyan vurulub. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilib. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırıldı. Qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının müdafiəsinə dəmiryolçular öz layiqli töhfəsini verib.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Belə ki, Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.
44 gün davam edən müharibə ərzində dəmiryolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdular: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.
Həmçinin 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verildi. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşdü. “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.
Hiç yorum yok:
Yorum Gönder