Xəbəriniz olsun: Dövlət hesabına istirahət hüququnuz var, amma...




Yayın gəlişi ilə istirahət mərkəzləri, kurort və sanatoriyalara üz tutan insanların sayında artım müşahidə olunur. İstirahətə öz hesabına gedənlər də var, dövlət hesabına göndərilənlər də.

İllərdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) vətəndaşlara güzəştli istirahət şəraiti yaradır. Bəs bu istirahət necə təşkil olunur, bu imkandan daha çox kimlər yararlanır?

İşlədiyiniz müəssisənin

Həmkarlar İttifaqına müraciət edin Mövzu ilə bağlı AHİK-dən sorğumuza cavab olaraq bildirildi ki, hansısa təşkilatın üzvüsünüzsə, yollayış (putyovka) almaq istəyirsinizsə, işlədiyiniz müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət etməlisiniz: “Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəyən bütün sığortaolunanların DSMF büdcəsi hesabına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə güzəştli yollayış almaq hüququ var. Həmkarlar İttifaqı büdcəsi vəsaiti hesabına alınmış yollayışları isə yalnız həmin təşkilata üzv olan işçilərin almaq hüququ mövcuddur”.



Kimlərin bu hüququ yoxdur?

Təşkilatdan deyildi ki, güzəştdən istifadə üçün üzvlük vacibdir: “İstənilən işçi yollayış almaq üçün müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilər. Amma bu, yalnız Həmkarlar İttifaqına üzv olan şəxslərə şamil edilir. Müəssisədə Həmkarlar İttifaqının üzvü olmayan işçilərin Həmkarlar İttifaqına üzvlük haqqı vəsaitləri hesabına alınmış yollayışları almaq hüququ yoxdur. Məxsus olduğunuz sahə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan təşkilata daxil olmasa, bu güzəştdən istifadə etmək şansınız yoxdur. Hər hansı bir qurumda Həmkarlar İttifaqı Təşkilatı yoxdursa, orada çalışan, sığorta haqqı ödəyən işçilərin də bu hüquqdan istifadə imkanları mövcud deyil. Belə ki, mövcud qanunvericiliyə əsasən, yollayışlar vətəndaşlara bir qayda olaraq iş yerində, həmkarlar ittifaqı təşkilatları xətti ilə verilir”.

Xarici ölkələrə yollayışlar verilmir

Konfederasiyadan verilən məlumata görə, təşkilatın üzvü olan şəxslər əməkdaşlıq edilən məkanlarda güzəştli istirahət edə bilər: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan təşkilatların işçiləri ölkə daxilində müqavilə bağlanmış istənilən müalicə və istirahət müəssisələrinə yollayış ala bilər. Xarici ölkələrə isə yollayışlar verilmir. İşçilər işlədiyi müəssisənin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müalicə və istirahət müəssisələrinə yollayış ala bilərlər. Yəni, “Tibb işçiləri sırf bu yerlərə, təhsil işçiləri başqa yerlərə göndərilməlidir” deyə, qayda mövcud deyil. Hansı sahələrdə Həmkarlar İttifaqının və ya müəssisənin bu quruma məxsus istirahət müəssisəsi varsa, həmin Həmkarlar İttifaqının üzvləri və ya müəssisədə çalışan işçilər bu yollayışları almaq hüququna malikdir. Yollayışlar məcburi dövlət sosial sığorta ödəyicilərinə və Həmkarlar İttifaqı üzvlərinə həm tək, həm də ailəvi müalicə və istirahət üçün verilə bilər. İşləməyən ailə üzvünə ailəvi müalicə üçün yollayış verildikdə, ailə üzvü yollayışın dəyərinin 50 faizini ödəməlidir”.

Pensiya alan şəxslər yollayış almaq üçün...

AHİK-dən bildirildi ki, əgər şəxs artıq işləmirsə, pensiyadadırsa, yollayış ala bilməz: “Yaşa görə pensiya alanlar, təqaüdə çıxmamışdan əvvəl işlədikləri müəssisənin Həmkarlar İttifaqı komitələri tərəfindən yollayış almaq hüququna malikdirlər. Əlilliyə görə pensiya alan şəxslər yollayış almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun yerli qurumlarına müraciət etməlidirlər. Peşə xəstəliyi və ya istehsalatda bədbəxt hadisə nəticəsində əlil olmuş şəxslər, cavabdeh müəssisə tərəfindən yollayışla təmin olunurlar. Pensiya yaşına çatmamış keçmiş əməkdaşların da pensiya yaşına çatanadək yollayışdan istifadə etmək hüququ yoxdur”. Konfederasiyadan deyildi ki, vətəndaş istirahətə yollayışla getdikdə müəyyən qədər güzəştlər əldə edir: “Tam pulsuz olmasa da, məbləğin böyük hissəsi ödənilir. Həmkarlar İttifaqı təşkilatlarından yollayış alan vətəndaşlar yollayışın dəyərinin 15-20 faizini ödəyir, qalan 80-85 faizi Həmkarlar İttifaqı təşkilatının büdcə vəsaitləri hesabına və ya Dövlət Sosial Müdafiə Fondundan bu məqsədlər üçün ayrılmış büdcə vəsaitləri hesabına maliyyələşir. Yollayışların sayının 10 faizi vətəndaşlara tam güzəştlə pulsuz verilir. Sanatoriya-kurort və istirahət müəssisələrinə yollayışların tam dəyəri göstərilən xidmətdən, otaq şəraitindən, qidalanmadan və s. şərtlərdən asılıdır. Qiymətlər şərtlərə, regionlara və mövsümə görə dəyişə bilər”.

Güzəştli istirahətə ən çox onlar göndərilir

“Bir çox sahələr Həmkarlar Konfederasiyasına üzv olsa da, niyə çox adamın bu imkandan xəbəri yoxdur” sualımıza cavab olaraq isə bildirildi ki, üzv olan müəssisələrin bu imkandan xəbəri var: “Həmkarlar İttifaqı təşkilatlarının olduqları bütün müəssisə və təşkilatlarda işçilərin yollayışların verilməsi barədə məlumatları var. Xüsusən də, təhsil işçiləri ən çox yollayışlarla təmin olunan şəxslər kateqoriyasındadır. Vətəndaşların yollayışlardan istifadə hüququndan yararlanması üçün Həmkarlar İttifaqında birləşmələri gərəkdir. Bu, həmçinin həmin şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının qorunması və qanuni mənafelərinin müdafiəsi üçün də vacibdir”. 

Hiç yorum yok:

Yorum Gönder

Pages