"Gəncədə keçirilən xeyriyyə konsertində 150 min manata yaxın vəsait toplanıb".
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Gəncə şəhərində keçirilən "Qarabağ gecəsi" xeyriyyə konsertindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür konsertlərin keçirilməsində məqsəd Qarabağda aparılan yenidənqurma işlərində vətəndaşlarımızın da dəstəyinə bir vasitənin yaradılmasıdır:
"Konsertdə anşlaq oldu. İlk məlumata görə, konsert vasitəsilə 150 min manata yaxın vəsait toplanıb. Vəsait Pənahəli xanın Ağdam rayonundakı İmarət kompleksinin bərpasına yönəldiləcək".
R.Hacıyev xatırladıb ki, bundan əvvəl Bakıda keçirilən xeyriyyə konsertində isə əldə olunan vəsaitin Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə olduqca bahalı musiqi aləti olan royalın alınmasına yönəldilib:
"İnanırıq ki, bu cür xeyriyyə konserti vasitəsilə yığılan vasitələr Qarabağımızın dirçəlməsi üçün bir vasitə olaraq öz töhfəsini verəcək".
İdarə Heyətinin sədrinin sözlərinə görə, belə konsertlər davam etdiriləcək:
"Bakıda yenidən belə konsert təşkil olunacaq. "Qarabağ gecəsi" xeyriyyə konsertinin gələcəkdə Ağdam rayonunda da keçirilməsi planlaşdırılır".
Qeyd edək ki, Gəncədə xeyriyyə konserti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutub.
Hiç yorum yok:
Yorum Gönder