Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib



BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dövlət Miqrasiya Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycanda akkreditə olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, beynəlxalq və yerli humanitar və inkişaf təşkilatlarının, özəl şirkətlərin, həmçinin qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümumdünya Qaçqınlar Gününün qeyd olunmasının əhəmiyyətindən danışılıb, qaçqınların olduqları ölkələrdə təcrid olunmamalarının vacibliyi vurğulanıb. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Bik Lum tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən didərgin salınmış milyonlarla insanla həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreyeva və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış ediblər.

İştirakçılara həmçinin Ümumdünya Qaçqınlar Günü kampaniyası çərçivəsində keçirilmiş “İstədiyimiz gələcək: Dayanıqlı İnkişaf Məqsədləri (SDG) uşaqların gözü ilə” rəsm müsabiqəsinin nəticələri barədə məlumat verilib, Azərbaycanda olan qaçqın uşaqların yerli həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını artırmaq imkanlarına şərait yaradıldığı qeyd olunub.

Tədbir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı ilə başa çatıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages