Azərbaycan Vəkillər Kollegiyası FBE-nin tamhüquqlu üzvü seçilib



Niderland Krallığının paytaxtı Amsterdam şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) ümumi qurultayında Azərbaycanın Vəkillər Kollegiyası (ARVK) həmin təşkilata tamhüquqlu üzv qəbul olunub.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan 20 ölkənin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox vəkili özündə birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan ilk ölkə Azərbaycan Respublikası olub.

Bir müddətdir həmin təşkilat tərəfindən ünvanlanan sorğular üzrə hazırlanan hesabatların, davam edən danışıqların, keçirilən görüşlərin nəticəsi olaraq, Azərbaycan Vəkillər Kollegiyası FBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınıb. Qeyd edək ki, FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər.

Belə ki, konqresdə ARVK sədri Anar Bağırov, Rəyasət Heyətinin üzvü Elçin Usub, Aparat rəhbəri Bayram Orucov və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Nərmin Abbasovadan ibarət ARVK nümayəndə heyətinin təqdimat və çıxışlarından sonra, habelə FBE təşkilatının prezident heyəti və komitələri tərəfindən ünvanlanan bütün sualların cavablandırılmasının nəticəsi etibarilə ARVK tamhüquqlu üzv kimi FBE-yə qəbul olunub.

Qeyd edək ki, bu üzvlük ARVK-nın işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır və vəkillərin fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Bu üzvlük və uğur, eyni zamanda, ölkəmizin imicinə də müsbət təsir göstərir. Beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi nailiyyətlər və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.

Hiç yorum yok:

Yorum Gönder

Pages