Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Aleksandr Qriqoryeviç.
Sizi və Sizin simanızda dost Belarus xalqını Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd etmək istərdim.
Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur.
Siz Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə vermisiniz.
Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm”.
Həmçinin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Əlamətdar tarix – Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu yubiley əməkdaşlıq sahəsində əldə olunmuş nəticələrə nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.
Sizin bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.
Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyirəm”.
Hiç yorum yok:
Yorum Gönder