Prezident İlham Əliyevin dediyi hər söz mütləq şəkildə reallaşır” - ŞƏRH + FOTO



“Laçına qayıdışın məhz 28 may - Müstəqillik Gününə təsadüf etməsinin böyük tarixi əhəmiyyəti var. Çünki Laçın şəhəri may ayında işğal olunmuşdu və laçınlılar şəhəri məcburən tərk etmişdilər. İndi isə 31 ildən sonra yenə may ayında laçınlılar cənnətə çevrilmiş Laçına qayıtmağa başladılar və öz firavan həyatlarını orada yaşayacaqlar”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Böyük Qayıdışın belə tez reallaşması Azərbaycanın öz torpağının bir qarışını belə güzəştə getməyəcəyini sübut edir:

“Laçına qayıtmağımız və Ermənistanla sərhəddə nəzarət keçid məntəqəsinin qurulması müstəqilliyimizin bütün ərazilərimizdə bərpası deməkdir. 28 mayda Laçına qayıtmağımız bayrama bayram sevinci qatmış oldu.

Prezident İlham Əliyev laçınlılarla görüşdə Ermənistana çox ciddi mesajlar verdi və Qarabağda yaşayan ermənilərə də öz gələcəklərini qurmaq üçün yeganə yol xəritəsini təqdim etdi. Ermənistan ərazi bütövlüyümüzü tanıyıb. Sərhədlərimizin delimitasiyasında Ermənistan maraqlı olmasa, Azərbaycan ordusu istədiyi yerdə dayanacaqdır. Çünki, Ermənistanla müəyyən olunmuş sərhəd xəttimiz yoxdur, harada dayanırıqsa, oranı da sərhəd kimi qəbul edə bilərik. Ona görə dövlət başçısınız bu mesajından Ermənistan çox ciddi nəticə çıxartmalı və sülh müqaviləsini bağlamaq üçün tələsməlidir”.

Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə toxunan deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onların ancaq bir yolu qalıb:

“Bu yol Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaqdan ibarətdir. Hamı yaxşı bilir ki, Prezident İlham Əliyevin dediyi söz mütləq şəkildə reallaşır. Ona görə dediklərindən təcili şəkildə nəticə çıxarmalı və Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını bildirməlidirlər. Əks halda başqa bir şans verilməyəcək. Separatçıları tərk-silah etmək və ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altındakı torpaqları separatçılardan təmizləməklə dövlət idarəçiliyini orada bərpa edə bilərik. Bu, bizim suveren hüququmuzdur və bu işdə heç kim bizə mane ola bilməz.

Hesab edirəm ki, Ermənistan və Qarabağda yaşayan ermənilər Prezident İlham Əliyevin dediyi sözlərdən nəticə çıxaracaqlar. Onlar beynəlxalq normalara hörmətlə yanaşaraq, münasibətlərin nizamlanmasına hazır olduqlarını bildirməklə Azərbaycanı əlavə tədbirlər görməyə vadar etməyəcəklər”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı həyata keçirilir. Mayın 28-i baş tutan ilk mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. 

Aysel Aslan 

Hiç yorum yok:

Yorum Gönder

Pages