Millət İttifaqından Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu, öz sözlərilə desək “həyatının ən böyük layihəsini” açıqlayıb.
“Twitter” səhifəsində müvafiq videomüraciətini paylaşan siyasətçi bunu qərbyönümlü olmasına dair ittihamlara cavab olaraq etdiyini deyib. O, öz layihəsilə hər kəsə Şərq və ya Qərb tərəfdarı olmadığını, yalnız Türkiyənin maraqlarını düşündüyünü sübut etmək istədiyini bildirib.
Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur. Partiya sədri Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirəcək yeni “İpək Yolu”nun ölkəsini Türk Dünyasının ticarət qapısına çevirəcəyini güman edir.
Lakin Kılıcdaroğlunun layihəsi nəinki Türkiyə, eləcə də türk dünyasının digər ölkələri, o cümlədən Azərbaycan üçün də yaxşı heç nə vəd etmir.
İlk öncə qeyd edək ki, Türkiyənin qida, geyim və gündəlik tələbat məhsullarından tutmuş hərbi sənayedək, güclü istehsal kompleksinə malik olması heç kəs üçün sirr deyil. Ötən ilin yekunlarına görə, qardaş ölkənin ixracatı rekord həcmdə artaraq 254 milyard dolları ötüb. Belə olan halda, qlobal miqyasda tədricən mühüm ticarət- istehsal mərkəzlərindən birinə çevrilməklə dünyanın müxtəlif bölgələrində Çinlə rəqabətə girən Türkiyənin qapılarını “dünya fabriki” kimi ad çıxaran “Asiya pələnginin” üzünə daha geniş açmaq nə dərəcədə məqsədəuyğundur? Və belə olduqda, bu layihə Kılıçdaroğlunun Türkiyənin maraqlarını hər şeydən üstün tutduğuna dair dediklərilə ziddiyyət təşkil etmirmi?
Azərbaycana gəldikdə, çıxışı zamanı CHP lideri bir kəlmə belə olsun Türkiyənin ən yaxın müttəfiqi olan ölkəmizin adını çəkmir. Halbuki o, özünün “ən vacib layihə”silə elə ilk zərbəni məhz Azərbaycana vurur və əksinə, Ermənistanla İranın mövqelərini gücləndirir. Görəsən, CHP rəhbəri Ermənistanın tarix boyu açıq şəkildə büruzə verdiyi türk düşmənçiliyini, İranın isə son Qarabağ zəfəri və ondan sonrakı proseslərdə əsl simasının üzə çıxdığını niyə belə tez unudur?
Deyək ki, tarixi keçmişi nəzərə almasaq, axı bu iki dövlət hazırda da öz təxribatlarından əl çəkmir. O, niyə unudur ki, məhz Ermənistan bu gün də qondarma soyqırımı iddiaları ilə hər fürsətdə Türkiyəyə qarşı qara yaxır, İrəvanda türk və azərbaycanlı diplomatları qətlə yetirənləri qəhrəmanlaşdıraraq onlara abidə ucaltmaqdan belə çəkinmir? İran isə Türkiyənin ən yaxın müttəfiqi Azərbaycanın sərhədinə qoşun toplayır, Ermənistanı silah-sursatla təmin edir, hərbi təlimlər keçərək Bakını təhdid edir. Bu azmış kimi, Tehran ölkədəki Azərbaycan səfirliyinə hücum təşkil etməklə ölkəmizə qarşı açıq şəkildə düşmənçilik sərgiləyir.
Digər tərəfdən, məsələyə diqqətlə yanaşdıqda Kılıcdaroğlunun layihəsinin tarixi fürsət olan Zəngəzur dəhlizinin əhəmiyyətini sıfıra endirdiyini və başda Türkiyə olmaqla, bütövlükdə Türk Dünyasını İrandan va Çindən asılı etdiyini görmək mümkündür.
Layihənin təqdimatındakı maraqlı məqamlardan biri də Türkiyə prezidentliyinə namizədin yeni dəhlizin qurulması kontekstində Çinə münasibiətidir. Kılıcdaroğlu öz layihəsinin Pekin üçün mütəsna maraq kəsb edəcəyini vurğulayır və dəhlizə qoşulmaq üçün Çinin qarşısında Uyğur Muxtar Vilayətilə bağlı hazırki siyasətinə son qoymaq kimi bir şərt irəli sürür. Bu və yuxarıda sadaladığımız digər amillər layihənin nəinki reallaşmasını, hətta onun ideya olaraq ciddiliyini belə şübhə altına alır.
Hiç yorum yok:
Yorum Gönder