Bu şəxslərə ŞAD XƏBƏR - yaxın 2-3 gün ərzində...



Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Musavat.com-a açıqlamasında bildirib ki, Əfv Məsələləri Komissiyası yanvarın 12-dən öz iclaslarına başlayıb və ötən müddət ərzində 14 iclas keçirilib.

O əlavə edib ki, Əfv Məsələləri Komissiyası 55 saata qədər işləyib:

“Bu müddət ərzində 2000-ə yaxın müraciətə baxılıb, müvafiq rəylərin hazırlanması barədə qərar qəbul edilib. Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Çox böyük tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər sırasında əfv sərəncamının da imzalanması istisna olunmur. Əfv hüququ 1995-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyasına Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə gətirilib. Məhz bu məqamı nəzərə almaqla insanların böyük gözləntiləri var. İstər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev öz fəaliyyətlərində mərhəmət, sərəncam, əfv, sosial ədalət təməl prinsiplərinə söykəniblər. Mütəmadi olaraq həm də əfv sərəncamları imzalayıblar. 1995-ci ildən bu günə qədər 68 əfv sərəncamı imzalanıb ki, bunun 33-ü Ümummilli lider tərəfindən imzalanıb. 68 əfv sərəncamı nəticəsində 8987 şəxs cəzadan azad edilib, onların da 99 faizi cəzanın qalan hissəsindən azad edilib. Bu tendensiya hər zaman aparıcı xarakter daşıyıb. Müxtəlif milli bayramlar, böyük tarixi hadisələr ərəfəsində əfv sərəncamlarının imzalanması baş verib. Bu il də belə bir əfv sərəncamı imzalana bilər. Əfv Məsələləri Komissiyası demək olar ki, öz işini başa çatdırıb. Texniki xarakterli bir sıra işlər görülməkdədir. Bütün qərarlar cənab Prezidentə təqdim olunub. Son qərar Prezident tərəfindən qəbul ediləcək. Yaxın 2-3 gün ərzində biz əfv sərəncamının imzalanmasının şahidi ola bilərik”.

Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamları hər zaman cəmiyyət tərəfindən alqışlanır:

“Cəmiyyətin gözləntiləri böyükdür. Əfv üçün müraciət edənlər arasında qadınlar, hərbçilər, əcnəbilər, yetkinlik yaşına çatmayan şəxslər var. Onlar müxtəlif kateqoriyadan olan məhkumlardır. Bura şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslər, yol-nəqliyyat hadisələrinə görə həbsdə olanlar, iqtisadi cinayətlər törətmişlər, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər daxildir. Hər bir müraciətə həssas yanaşılıb, eyni zamanda geniş plüralizm şəraitində müzakirələr aparılıb. Müzakirələrin geniş plüralizm şəraitində keçməsi üçün Komissiyanın sədri Samir Nuriyev tərəfindən hər cür şərait yaradılıb.

İlk növbədə edilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, onun cəza çəkdiyi müddətdə davranışı, ailə vəziyyəti, səhhəti, əvvəllər cinayət törədib-törətmədiyi, əvvəllər onun barəsində əfv, yaxud amnistiya tətbiq olunub-olunmadığı, zərərin ödənilməsi vəziyyəti, eyni zamanda zərərçəkmişin mövqeyi – bu kriteriyalar əsas götürülməklə cəmiyyətin, dövlətin və müraciət etmiş şəxsin maraqları arasında balans gözlənilməklə rəylər hazırlanaraq cənab Prezidentə təqdim olunub. Kimlərin əfv sərəncamına düşüb-düşməyəcəyi cənab Prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir. Əfv Məsələləri Komissiyası Prezidentin müstəsna konstitusion səlahiyyəti olan əfv hüququnun həyata keçirilməsinə təşkilati, texniki baxımdan yardım edir”.

Hiç yorum yok:

Yorum Gönder

Pages