Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovun vida mərasiminin keçiriləcəyi yer məlum olub.
Oxu.Az-ın əməkdaşı məlumat almaq üçün mərhumun qızı ilə danışıb.
Onun sözlərinə görə, sənətkarla vida mərasimi sabah keçiriləcək:
“Atamla vida mərasimi sabah saat 11 radələrində Heydər məscidində olacaq. Reytinq xətrinə yalan məlumatlar yayırlar. Düzgün deyil. Bu işlə mən məşğul oluram. Və düzgün məlumatı da məndən ala bilərsiniz”.
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Bir müddət sonra evə buraxılıb, müalicəsi evdə davam etdirilib. Mart ayından yenidən halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Aftandil İsrafilov sabah saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq:
“30 aprel tarixində saat 11:00-da Heydər məscidində tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə vida mərasimi keçiriləcək. Mərhum sabah saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq”.
11:15
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.
A.İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
O, Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Tanınmış musiqiçi, gözəl insan Aftandil Eynulla oğlu İsrafilovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət etsin!
Nəzrin Vahid
Hiç yorum yok:
Yorum Gönder