“Oğlumun əsirlikdə yazdığı məktub bizə gəlib çatdı, amma onun xətti deyil”.
Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
Məktubda yazılıb: “Salam, anam, atam. Mən yaxşıyam. Burada heç bir problem yoxdur, narahat olmayın”.
Dürdanə Bəbirova məktubun oğlu tərəfindən yazıldığına şübhə ilə yanaşdığını söyləyib.
“Mən oğlumun xəttini tanıyıram. Bizə verilən məktubu o yazmayıb. Oğlumu 100 faiz sorğu-sual ediblər, oğlum deyib, ermənilər də yazıb. Öz xəttinə qətiyyən oxşamır”, - deyə əsirin anası bildirib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK-nın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Hiç yorum yok:
Yorum Gönder