Olimpiya çempionu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib



Tanınmış veteran velosipedçi, qazaxıstanlı olimpiya çempionu Aleksandr Vinokurov “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.

Azərbaycan Velosiped Federasiyasından (AVF) verilən məlumata görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda AVF rəsmiləri və milli komandanın üzvləri qarşılayıblar. Veteran idmançının həyat yoldaşına gül dəstəsi təqdim olunub.

A.Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçirilən yarışı böyük həyəcanla gözlədiyini qeyd edib:

“Ferrari” komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da “Formula-1” yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında Qran-prini təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir”.

49 yaşlı qonaq Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirdiyini, burada qonaqpərvərliklə qarşılandığını vurğulayıb:

“Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm”.

Olimpiya çempionu federasiya rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Aleksandr Vinokurov 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci il London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages