Tarixçi: “Mart qırğınları zamanı Hacıqabulda 12 kənd yandırılıb, minlərlə insan qətlə yetirilib” - FOTO



“Erməni daşnaklarının bolşeviklərlə birgə 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı Hacıqabulda iki min nəfərdən çox günahsız insan qətlə yetirilib”.

Bu barədə “Report”un Aran bürosuna tarixçi, tədqiqatçı Mübariz Xəlilov bildirib.

M.Xəlilovun sözlərinə görə, 1918-ci il martında Bakıda baş vermiş qırğından sonra erməni-bolşevik birləşmələri Tbilisidən köçmüş Azərbaycan Xalq Cümhuriyyətinə divan tutmaq üçün Gəncəyə doğru hərəkət edib. Zirehli qatarla hərəkət edən quldur dəstələri Şamaxı qəzasının Abdulyan nahiyəsinin (indiki Hacıqabul) Navahı kəndinə çatıb: “Təpədən-dırnağadək silahlanmış bolşevik-daşnak birləşmələri əvvəlcə Navahını top atəşinə tutur, sonra kəndə girərək soyqırımı törədiblər.

Mart qırğını zamanı təkcə Navahı kəndində 955 nəfər vəhşicəsinə qətlə yetirilir. Bunun 555 nəfəri kişi, 260-ı qadın, 140-ı isə uşaq olub”.

Tarixçinin sözlərinə görə, bundan sonra erməni daşnakları Qubalı Baloğlan, Rəncbər, Abdulyan, Talış, Meyniman və digər kəndlərdə də əliyalın insanlara amansız işgəncələr verərək qətlə yetiriblər.

Qubalı Baloğlan kəndində Bakı Kommunasının yerli hökumətinin yaradılması adı ilə, kənd camaatını aldatmaqla məscidə toplayaraq od vurublar. Təkcə məsciddə 200-ə yaxın insan diri-diri yandırılıb.

Tarixçi bildirib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa dəstəsi ilə yerli sakinlərin köməyinə gəlib:

“Yerli sakinlərdən də bəziləri onun dəstəsinə qoşulublar. Nuru Paşanın dəstəsi və könüllülər erməni-bolşevik birləşmələrinə qarşı vuruşub. Quldur dəstələrini yandırılmış yaşayış məntəqələrindən çıxarıblar.

Qırğın zamanı Qubalı Baloğlan kəndində erməni daşnakları tərəfindən 535 nəfər, o cümlədən 250 kişi, 150 nəfər qadın, 135 uşaq qətlə yetirilib. Eyni zamanda 6 türk əsgəri də şəhid olur”.

M.Xəlilovun sözlərinə görə, Hacıqabulda törədilmiş qırğınlar zamanı 12 yaşayış məntəqəsi erməni daşnakları tərəfindən yandırılıb, 2 000 nəfərdən çox günahsız insan qətlə yetirilib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə rayonun Qubalı Baloğlan kəndində mart qırğını zamanı şəhid olmuş türk əsgərlərinin xatirəsinə abidə kompleksi ucaldılıb.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages