“Bu matç üçün digər klublardan 2-3 müdafiəçi götürə bilərik”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə “Qalatasaray”ına qarşı keçirəcəkləri xeyriyyə oyunu barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis hələlik oyunçularla bağlı heç bir komandaya rəsmi müraciət ünvanlanmadığını bildirib:
“Çünki hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdır. Oyuna 2-3 gün qalmış digər komandalara müraciət edə bilərik. Yassin Benzia və Adama Diakabinin hazırlığı həmin vaxtadək tam bəlli olacaq. Martın 19-na kimi komandaya istirahət verdim. Hər iki oyunçu fasilədən sonra kollektivlə birgə məşq etməlidir. Amma müdafiə xəttində çatışmazlıqlarımız olacaq. Çünki əlimizdə yalnız Rahil Məmmədov, Maksim Medvedev və Kevin Medina qalacaq. Zədəli Bədavi Hüseynovun durumu bəlli deyil. Maksimin qızdırması var, ona görə bu gün ehtiyatda da deyildi. Qarşıdakı hazırlıq prosesindən çox şey asılı olacaq. Digər mövqelər üçün də klublardan futbolçular istəyə bilərik”.
O, İstanbul nəhənginin qarşısına hücumçusuz çıxmayacaqlarını söyləyib:
“Müasir futbolda bəzən mərkəz hücumçusuz daha çox oynayırlar. Həmin mövqe üçün seçim imkanımız var. Amma ehtiyac yaranarsa, hücum xətti üçün də digər klublara müraciət edəcəyik”.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” - “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Hiç yorum yok:
Yorum Gönder